Qusar şəhərində şəhid Afik Həsənovun adını daşıyan küçədəki yolun vəziyyəti sakinlərin narazılığına səbəb olub.
Shimal.News-a danışan sakinlərin sözlərinə görə, küçənin daş-çınqıl örtüklü yolu uzun müddətdir təmir olunmadığından yararsız vəziyyətə düşüb. Yolda çoxsaylı çala-çuxurlar yaranıb. Yağışlı havalarda isə həmin çalalar su ilə dolur.
Sakinlər bildirirlər ki, yolun hər iki tərəfini kollar basıb. Bu isə onsuz da dar olan küçədə avtomobillərin hərəkətini xeyli çətinləşdirir. Belə ki, qarşı-qarşıya iki avtomobil gəldikdə sürücülərdən biri digərinə yol vermək üçün kol basmış əraziyə çıxmalı olur.
Bundan əlavə, küçədəki elektrik dirəkləri də hərəkət üçün əlavə maneə yaradır.
Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, indiyədək problemin həlli istiqamətində tədbir görülməyib.