Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Quba, Xaçmaz və İsmayıllı rayonları ərazisində ağacların qanunsuz kəsilməsi faktlarını aşkar ediblər. Bu haqda ShimalNews 29 may tarixində məlumat verir.
Araşdırma zamanı Quba rayonu Gədikqışlaq kəndi ərazisində, Vəlvələ bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində Simon Nisanov, Xaçmaz rayonu Xaçmaz-Gülalan avtomobil yolunun sol tərəfində Vidadi Hüseynov, İsmayıllı şəhəri Nizami küçəsində Məzahir Şahvələdov tərəfindən təbiətə ziyan vurulduğu müəyyən edilib.
Faktlarla bağlı akt tərtib olunub. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.