İsmayıllı sakini paytaxt ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edib. Bu haqda ShimalNews 19 aprel tarixində Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Aprelin 18-də saat 09:00 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində “VAZ-21074” markalı avtomobil əks-istiqamətdə hərəkət etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılıb. Sürücü İsrəfil Alızadənin narkotik vasitələrin təsiri altında avtomobili idarə etməsi müəyyən olunub.
Sabunçu rayon məhkəməsinin qərarı ilə Alızadənin nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılıb. Bundan əlavə, o, 15 gün müddətinə inzibati qaydada həbs olunub.