Moskvanın Tversk Məhkəməsi Rusiya paytaxtındakı iri ticarət mərkəzləri olan "Kolumbus", "Prajski Passaj" və "Armada" mebel mərkəzinin keçmiş həmtəsisçisi Solomon Manaşirovu qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edib.
Beynəlxalq axtarışda olan iş adamı hədə-qorxu ilə pul tələb etməkdə, vergidən yayınmaqda və çirkli pulların yuyulmasında təqsirli bilinib.
Məhkəmə Manaşirovun istintaq zamanı müsadirə edilmiş 141 milyon rubl dəyərində əmlakının dövlət nəfinə keçirilməsi və zərərçəkmiş tərəfin 530 milyon rubl məbləğində mülki iddiasının təmin edilməsi barədə qərar çıxarıb.
Hökm dövlət ittihamçısının tələb etdiyi cəzaya uyğundur.
Qubanın Qırmızı Qəsəbə kəndində anadan olan 55 yaşlı Manaşirova 2016-cı ilin martında ittiham irəli sürülüb. Ona məxsus "Karenfor" şirkəti Moskvanın Kirovoqrad küçəsində yerləşən ticarət mərkəzinin fəaliyyəti ilə bağlı vergidən yayınmaqda ittiham olunub.
İstintaq müəyyən edib ki, 2012–2014-cü illərdə şirkət təxminən 978 milyon rubl əlavə dəyər vergisi ödəməyib. Prokurorluğun məlumatına görə, həmin vəsaitlər sonradan 18 əlaqəli təşkilat vasitəsilə yuyulub.
Daha sonra iş materiallarına hədə-qorxu ilə pul tələb etmə epizodu da əlavə edilib. İstintaqın və məhkəmənin məlumatına görə, Solomon Manaşirov böyük qardaşı Gennadi ilə birlikdə iş adamı Januko Rafailovdan və onun qardaşı Dondan cinayət ittihamlarından imtina etmələri müqabilində 5 milyon dollar tələb ediblər. Qardaşlar məsələnin həlli üçün Moskva polisi ilə əlaqələrindən istifadə etmək niyyətində olublar.
2015-ci ilin noyabrında Rafailov FSB-yə müraciət etdikdən sonra iki müstəntiq və vasitəçi kimi çıxış edən Gennadi Manaşirov 2 milyon rubl məbləğində ilk ödənişin köçürülməsi zamanı saxlanılıb. 2018-ci ildə sxemin iştirakçıları korrupsiya cinayətlərinə görə məhkum ediliblər.
Daha sonra Gennadi Manaşirov rüşvət və hədə-qorxu ilə pul tələb etmə ittihamları üzrə 15 il müddətinə azadlıqdan məhrum edilib. 2026-cı ilin sentyabrında onun barəsində qətl ittihamı üzrə də məhkəmə prosesi başlayıb. Müstəntiqlər qətlin təxminən 24 il əvvəl qan davası zəminində törədildiyini ehtimal edirlər.
Solomon Manaşirov 2016-cı ildə Rusiyanı tərk edib və o vaxtdan xaricdə yaşayır.
Mənbə: Yenisabah.аz