44 günlük Vətən müharibəsinin şəhidi Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova Qubada futbol klubu yaradıb.
Bu barədə Şimal Regional Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Akif Əliyev məlumat verib.
Onun sözlərinə görə, T.Abduləlimova komandaya "Vətən Naminə" adını verib.
Klub AFFA Region Liqasının yeni start götürən mövsümündə Şimal zonası üzrə B qrupunda mübarizə aparır. Komandanın baş məşqçisi Kamran Nurəhmədovdur. "Vətən Naminə" ev oyunlarını Qusar rayonunun Şirvanlı kəndində keçirəcək.
Hazırda kollektiv ilk tur çərçivəsində "Qobustan" komandası ilə səfər matçında qarşılaşır. Oyun Bakı şəhərinin Qaradağ rayonundakı Şıxlar qəsəbə stadionunda təşkil olunub.
Qeyd edək ki, Tünzalə Abduləlimova həm də "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədridir.
Xatırladaq ki, Miqdad Faiq oğlu Abduləlimov 23 mart 2002-ci ildə Quba rayonunda anadan olub. Şəhid Hacıbaba Əliyev adına 1 saylı tam orta məktəbi bitirdikdən sonra "ASAN xidmət"də çalışmağa başlayıb. 2019-cu ildə Bakı Dövlət İqtisad Kollecinə qəbul olub. 4 aprel 2020-ci ildə təhsilini donduraraq könüllü şəkildə hərbi xidmətə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Miqdad Abduləlimov 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. O, sentyabrın 28-də Tərtər istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Miqdad Abduləlimov ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları, həmçinin III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Mənbə: Sportify.az