"Şəki"nin rəhbəri Elgün Hüseynov komandanın Azərbaycan Kubokunda "Qaradağ Lökbatan"a 0:12 hesablı məğlubiyyətindən sonra futbolçulara təşəkkür edib və klubun üzləşdiyi maliyyə və infrastruktur problemlərindən danışıb.
Shimal.News xəbər verir ki, funksioner oyundan sonra komandanın hazırkı vəziyyəti ilə bağlı növbəti dəfə ictimaiyyətə müraciət edib.
Elgün Hüseynov 0:12 hesablı məğlubiyyətə baxmayaraq, futbolçuların meydana çıxmasını yüksək qiymətləndirib:
"Rəqibə 0:12 hesabı ilə uduzduq. Oyunçularıma təşəkkür edirəm. Komandanın bu vəziyyətində meydana çıxdıqlarına görə. Vəziyyəti bir həftə əvvəl açıqlamışdıq. Oyuna çıxmaq çətinliklə başa gəlir. Gənclərlə oynadıq, onlara şans verdik. Ardıcıl məğlubiyyətlərimizin səbəbi öz stadionumuzun olmamasıdır. Komanda məşq edə bilmir. Şəki camaatı bizə necə diqqət göstərirsə, biz də Şəkini o cür təmsil edirik".
Klub rəhbəri daha əvvəl etdiyi dəstək çağırışını da xatırladıb:
"Şəki" komandasını xilas etmək üçün ünvanladığım dəstək çağırışına 20-yə yaxın insan qoşuldu və 1000 manata yaxın vəsait toplandı. Stadionsuzluq, bütün oyunlarda səfərə getmək, nəqliyyat, qida, əməkhaqqı və digər məsələlər komandaya bir ayda 14 min manata başa gəlir. Bir adam üçün çox böyük rəqəmdir. Amma Şəki üçün cüzi rəqəmdir".