Üç kiloqramlıq çörək!
Bəli, səhv eşitmədiniz. Zaqatalanın Muğanlı kəndində elə bir çörək bişirilir ki, həm çəkisi, həm də hazırlanma qaydası ilə diqqət çəkir.
Bu çörəyin çəkisi 3 kiloqramdan artıqdır. Onu digər çörəklərdən fərqləndirən əsas xüsusiyyət isə hazırlanmasında sənaye mayasından deyil, təbii mayadan - balatıdan istifadə edilməsidir.
Muğanlı çörəyini uzun illərdir Əhmədovlar ailəsi bişirir. Xəmirin yoğrulmasını ailənin xanımı Arzu Əhmədova həyata keçirir. Çörəyin bişirilməsində isə ailə başçısı Azər Əhmədov və oğlu Nail iştirak edirlər.
Kəndin mərkəzində yerləşən sexdə gün ərzində 40-50 ədəd belə çörək hazırlanır. Mövsümdən asılı olaraq bu rəqəm 100-150-yə qədər yüksəlir.
Qiyməti 4 manat, çəkisi isə 3 kiloqramdan artıq olan bu çörək ailənin sözlərinə görə, adi mağaza çörəklərinin təxminən 7-sini əvəz edir.
Azər Əhmədovun sözlərinə görə, bu sənət onlara ata-babalarından miras qalıb. O bildirir ki, çörəyin hazırlanmasında istifadə olunan təbii balatı onun əsas özəlliyidir və ailə bu çörəyin sağlamlıq baxımından da faydalı olduğunu düşünür.