Zaqatalada gözdən əlilliyi və digər əlilliyi olan gənclərin istedadlarını üzə çıxarmağa yönələn "İşıqlı istedadlar" layihəsinin növbəti mərhələsi keçirilib.
Shimal.News-un məlumatına görə, layihə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin aktiv üzvü Elnar Musayevin təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə layihəyə qoşulan gənclərin müxtəlif sahələrdəki istedadları nümayiş etdirilib. Nərmin Əliyeva, Çinarə İsmiyeva, Rəvanə Ağamirova, Rafiq Mənsimli və digər iştirakçılar səhnədə çıxış ediblər.
Bildirilib ki, layihənin əsas məqsədi əlilliyi olan gənclərin istedadlarının üzə çıxarılması, onların cəmiyyətə inteqrasiyasına və mədəniyyət-incəsənət sahəsində özlərini ifadə etmələrinə dəstək olmaqdır.
Layihənin tərəfdaşı olan "Dost Qapısı" turizm istirahət mərkəzində iştirakçılar və onların valideynləri üçün istirahət şəraiti yaradılıb. Təşkilatçılar növbəti il layihəni festival formatında keçirməyi planlaşdırırlar.