Xaçmaz rayonunun Xuray və Seyidlikəndyeri kəndlərində 30-a yaxın 9, 10 və 11-ci sinif şagirdi təhsilini davam etdirə bilmir.
Shimal.News-a danışan sakinlər bildiriblər ki, problem kəndlərdə şagirdlərin tam orta təhsil ala biləcəyi məktəbin olmaması ilə bağlıdır. Xuray kəndində yalnız ibtidai təhsil imkanları mövcuddur. Seyidlikəndyeri kəndində isə 9 illik ümumtəhsil məktəbi fəaliyyət göstərir.
Yuxarı siniflərdə oxumaq istəyən şagirdlər təxminən 8-9 kilometr məsafədə yerləşən Aslanoba kənd tam orta məktəbinə getməlidirlər.
Valideynlərin sözlərinə görə, əvvəlki illərdə övladlarının məktəbə gedib-gəlməsi üçün öz vəsaitləri hesabına mikroavtobus tutublar. Hazırda isə bir şagird üçün aylıq nəqliyyat xərcinin 40 manata çatması ailələrə əlavə maliyyə yükü yaradıb.
Vətəndaşlar nəqliyyat xərclərini qarşılamaqda çətinlik çəkdiklərini və buna görə övladlarını məktəbə göndərmədiklərini bildirirlər.
Onlar Elm və Təhsil Nazirliyindən Aslanoba kənd tam orta məktəbinə gedən şagirdlər üçün nəqliyyat ayrılmasını istəyirlər.
Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.