Qaxın Qaşqaçay kəndində yerləşən, yaşı 200 ildən çox olan su dəyirmanı nəsildən-nəslə ötürülərək qorunub saxlanılıb. Hazırda dəyirmanı kənd sakini Bayram Qasımov işlədir.
Su dəyirmanları qədim zamanlardan bərəkət rəmzi hesab olunub. Bu gün onların sayı xeyli azalsa da, bəzi ucqar kəndlərdə ənənə hələ də yaşayır. Qaşqaçaydakı dəyirman da belə məkanlardandır.
Kəndin yuxarı hissəsində, dağın ətəyində yerləşən dəyirman günün erkən saatlarından fəaliyyətə başlayır. Bayram Qasımov işə başlamazdan əvvəl suyun gəldiyi arxı təmizləyir, yarpaq və budaqları kənarlaşdırır ki, suyun axını zəifləməsin.
Dəyirmançı bildirir ki, bu iş göründüyü qədər asan deyil. Dəyirmanın normal işləməsi üçün suyun bol və axınının maneəsiz olması vacibdir. Unun keyfiyyətini qorumaq üçün isə buğda quru saxlanılmalıdır. Dən islanarsa, üyüdülən unun xeyli hissəsi yararsız hala düşə bilər.
Bayram Qasımovun sözlərinə görə, yaşlı nəslin danışdıqlarına əsasən, dəyirmanın 200 ildən çox yaşı var. Son vaxtlar sifarişlər də artıb. Ətraf kəndlərdəki bəzi dəyirmanlar işləmədiyindən sakinlər taxıl və yem üyütmək üçün buraya üz tuturlar. Bakıdan və digər bölgələrdən də sifarişlər alır.
Dəyirmandan istifadə edən kənd sakinləri də burada üyüdülən unun keyfiyyətini yüksək qiymətləndirirlər. Davud Əzizov deyir ki, su dəyirmanında üyüdülən undan hazırlanan çörəyin dadı fərqlidir. O, vaxtilə başqa ölkələrdə yaşayarkən də bu fərqi hiss etdiyini və yenidən kəndin ununa üstünlük verdiyini bildirir.
Bayram Qasımov gələcəkdə dəyirmanın ətrafını abadlaşdırmaq, onu qədim tarixi məkan kimi bərpa etmək və gələcək nəsillərə qoruyub çatdırmaq niyyətindədir.![]()
![]()
![]()
![]()
Mənbə: Azərtac