Şimali Kiprin Girnə sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzasına görə saxlanılan azərbaycanlı dənizçilərin araşdırma məhkəməsi yekunlaşır.
Bu barədə saxlanılan Bakı sakini Rəşad İbrahimovun atası Şəmsi İbrahimov məlumat verib:
"Bu həftənin cümə günü araşdırma məhkəməsi başa çatacaq. Bundan sonra məsələyə apellyasiya məhkəməsində baxılacaq".
Şəmsi İbrahimovun sözlərinə görə, apellyasiya məhkəməsində artıq son qərar veriləcək. Həlak olanların ailələrinin şikayətlərinə baxılacaq. Günahsız olan şəxslərin azadlığa buraxılacağı gözlənilir.
Qeyd edək ki, Girnə Limanı ilə Türkiyənin Mersin şəhərindəki Taşucu Limanı arasında hərəkət edən "Filo Jet" sərnişin gəmisinə avqustun 30-da Girnədən yola düşdükdən qısa müddət sonra su dolmağa başlayıb. Gəmi limana qayıtmağa çalışsa da, batıb və nəticədə 8 nəfər həyatını itirib.
Qəza ilə bağlı istintaq çərçivəsində üç Azərbaycan vətəndaşı saxlanılıb. Onlardan ikisi şimal rayonlarının sakinidir: Xaçmaz rayonunun Palçıqoba kəndindən Valeh Hümbətov və Şabran rayonundan Qədir Quliyev. Digər saxlanılan Rəşad İbrahimov isə əslən Tərtərdəndir və hazırda hazırda Bakıda yaşayır.
Mənbə: Musavat.com