Xaçmazın Xudat şəhəri və Yeni Həyat qəsəbəsində sakinlər son iki həftədir mavi yanacağın verilişində təhlükəli vəziyyət davam etdiyindən şikayətçidirlər.
Onlar Shimal.News-a bildiriblər ki, fasilələr və təzyiq dəyişiklikləri müşahidə olunur. Bu hal məişətdə çətinlik yaratmaqla yanaşı, faciəyə də səbəb ola bilər .
"Qazın təzyiqi gah azalır, gah tamamilə kəsilir, gah da qəfil bərpa olunur. Ötən gün çaydanı qaz sobasının üzərinə qoyaraq digər otağa keçdim. Geri qayıdanda isə otaqda qaz qoxusunu hiss eydim. Sən demə ocağın alovu sönüb, qaz isə mənzilə yayılıb. Xoşbəxtlikdən, partlayış olmayıb və kimsə boğulmayıb", - deyə sakin bildirib.
Qaz təchizatındakı qeyri-sabitlik sakinlərin gündəlik həyatına da təsir edir. Onlar evləri isitmək və yemək hazırlamaq zamanı çətinlik çəkdiklərini deyirlər.
Yeni Həyat qəsəbəsinin sakinləri isə qaz təzyiqi ilə elektrik enerjisinin verilişi arasında maraqlı əlaqə müşahidə etdiklərini iddia edirlər. Onların sözlərinə görə, elektrik enerjisi kəsiləndə qazın təzyiqi yüksəlir.
Sakinlər aidiyyəti qurumların məsələyə müdaxilə etməsini, qaz təchizatındakı qeyri-sabitliyin səbəbinin araşdırılmasını və təhlükəsiz verilişin təmin olunmasını istəyirlər.
Qeyd edək ki, qaz təzyiqinin dəyişməsi və ocağın sönməsi zamanı mənzildə qaz yığılması təhlükəli nəticələrə səbəb ola bilər. Belə hal baş verdikdə qaz cihazından istifadəni dayandırmaq, mənzili havalandırmaq, elektrik açarlarına toxunmamaq və təhlükəsiz yerdən 104 saylı xidmətə məlumat vermək lazımdır.