Bu gün Vətən müharibəsi şəhidi Xəyal Məmmədovun doğum günüdür.
Xəyal Ağabəy oğlu Məmmədov 1986-cı il noyabrın 18-də Şəki şəhərində anadan olub. 1993-2001-ci illərdə Şəki şəhərindəki 5 nömrəli tam orta məktəbdə, 2001-2004-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsilini davam etdirib. Hərbi təhsili müddətində bir sıra dövlətlərdə keçirilən təlimlərdə iştirak edib. Ailəli olub, iki qız övladı yadigar qalıb.
Azərbaycan Ordusunun mayoru olan Xəyal Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, döyüşlər zamanı yaralı hərbçiləri döyüş meydanından çıxararaq da fərqlənib.
Oktyabrın 7-də döyüşdən əvvəl ailəsinə yazdığı son məktubunda bunları qeyd edib:
"Mən vətəni qorumağa - müqəddəs vəzifəmin icrasına gedirəm. Ailəm və övladlarım Allaha əmanət olsun. Hər kəs haqqını halal etsin. Vətən sağ olsun".
Xəyal Məmmədov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı snayper gülləsindən şəhid olub. Şəki şəhərində dəfn olunub.
O, ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Qeyd edək ki, mayor Xəyal Məmmədovun 2020-ci il oktyabrın 7-də döyüşdən əvvəl ailəsinə yazdığı son məktubu və şəxsi əşyaları Azərbaycan Milli Tarix Muzeyinin Vətən müharibəsi fondunda qorunur.