Xaçmazda sosial təminatı aşağı olan çoxuşaqlı ailə evlə təmin edilib. Bu barədə ShimalNews 30 dekabr tarixində Apa-ya istinadən məlumat verir.
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Rəhimovlar ailəsi üçün bayram bayrama qarışıb. Onlar üçün Yergüc kəndində yerli sahibkar Cavid Balaqadaşov tərəfindən ev inşa olunub. Burada 4 otaq və mətbəx var.
Rəhimovlar ailəsi ana və altı uşaqdan ibarətdir, onlardan ən kiçiyinin dörd yaşı var. Ataları avtomobil qəzasında dünyasını dəyişdiyindən sonra ailə bu günə kimi çətin sosial vəziyyətdə yaşayıb.
Sahibkar C.Balaqadaşov evi təqdim edərkən bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılıb. Sahibkarlar da öz növbəsində sosial təminatı aşağı olan vətəndaşlarımıza dəstək aksiyalarında fəal iştirak edirlər.