Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşad Qayımovun meyitinin qalıqları Xaçmaza gətirilib. Bu haqda ShimalNews 7 may tarixində “Report”a istinadən məlumat verir.
Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş şəhidin nəşi rayonun Hacıqurbanoba kəndində ailəsinə təhvil verilib. Hazırda E.Qayımovla vida mərasimi keçirilir. Daha sonra kənd qəbiristanlığında dəfn olunacaq.
Qayımov 1974-cü il yanvarın 8-də Xaçmaz rayonunun Hacıqurbanoba kəndində doğulub. 1992-ci ildə hərbi xidmətə yollanıb. 1994-cü ildə valideynlərinə Elşadın yaralandığı barədə məlumat verilib. Amma bütün hospitalları, xəstəxanaları axtarsalar da, ondan xəbər ala bilməyiblər. Sonradan şəhid olduğu müəyyənləşsə də, dəfn edildiyi yer barədə məlumat yox idi.