Artıq ötən yarım ildən çoxdur ki, Qubanın Zərdabi qəsəbəsində yaşayanlar məktub və ya bağlama göndərməklə bağlı çətinlik çəkirlər.
Sakinlər Shimal.News-a şikayət ediblər ki, poçt xidmətlərindən yararlanmaq üçün rayon mərkəzinə, yaxud Alekseyevka kəndinə gedməli olurlar.
Məsələ ilə bağlı “Azərpoçt” MMC tərəfindən redaksiyamızın sorğusu cavablandırılıb. Bildirilib ki, AZ4035 indeksli Zərdabi poçt şöbəsində vəzifələr vakant olduğu üçün ötən ilin avqust ayından xidmət göstərmir.
Qeyd edilən vəzifəyə uzun müddətdir, vakansiya elan olunub. Lakin namizədlər tələblərə cavab vermədiyi üçün işə qəbul olunmayıb.
Hazırda həmin şöbədə çalışması üçün 1 namizəd aidiyyəti üzrə filialda təcrübə keçir. O, imtahanı uğurla başa vurduğu halda müvafiq işlə təmin olunacaq.
Zərdabi poçt şöbəsi fəaliyyətini dayandırmağına baxmayaraq, kənd sakinlərinə ünvanlanan bütün poçt göndərişləri Xaçmaz Regional Poçt Filialının AZ4038 indeksli Barlı poçt şöbəsi tərəfindən çatdırılır.