Bu gün qubalı şəhid Səttər Piriyevin mövlud günüdür. Onun 25 yaşı tamam olacaqdı.
Səttər Piriyev 1998-ci il oktyabrın 25-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. O, Zərdabi qəsəbə tam orta məktəbində və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) oxuyub.
Piriyev 2019-cu ildən Beyləqan rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmət edib. Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Leytenant Xocavənddə gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Quba rayonunda dəfn edilib.