Samur-Yalama Milli Parkı 2012-ci il noyabrın 5-də yaradılıb. Xəzərsahili zonada, Samur-Şabran ovalığında, Xaçmaz rayonu ərazisində yerləşən parkın ümumi sahəsi 11 772,45 hektardır.
Ərazinin landşaftı əsasən meşə və düzənliklərdən ibarətdir. Milli Parkda düzən ağcaqayını, gürcü palıdı, Şərq fıstığı, göyrüş, qızılağac, əzgil, çiyələk, uzunyarpaq tozbaş səhləb və Biberşteyn dağlaləsi kimi bitkilərə rast gəlinir.
Burada çöl donuzu, yenot, çapaq, kütüm və həşəm kimi heyvan və balıq növləri də yayılıb.
Samur-Yalama Milli Parkının ərazisində "Qırmızı kitab"a daxil edilmiş qamışlıq pişiyi, vaşaq, Qafqaz maralı, Qafqaz köpkəri, Avropa cüyürü, böyük qırğı, imperator qartalı, çöl muymulu, fısıldayan qu quşu və digər nadir növlər qorunur.
Milli Park zəngin meşə örtüyü, flora və faunası ilə Azərbaycanın biomüxtəlifliyinin qorunmasında mühüm əhəmiyyət daşıyır.