Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müvafiq əmri əsasında 2 məktəbdə monitorinq həyata keçirilib. Nəticədə təhsil müəssisələrinin direktorları tutduqları vəzifədən azad ediliblər. Bu haqda 2 may tarixində ShimalNews quruma istinadən məlumat verir.
Yoxlamalar Siyəzən şəhəri 4 və 5 nömrəli tam orta məktəblərində aparılıb. Təhsil ocaqlarında təlim-tədris prosesinin təşkilinə nəzarət, əmək intizamı, şagird davamiyyətinin vəziyyəti, təhsil sənədlərinin işlənməsi və digər məsələlər araşdırılıb.
Monitorinq zamanı hər iki məktəbdə ciddi nöqsanların olduğu müəyyən olunub. Nəticədə təhsil müəssisələrinin rəhbərləri ilə bağlanmış əmək müqavilələrinə öz ərizələri əsasında xitam verilib və onlar tutduqları vəzifədən azad ediliblər.