top
Qırılan ümidlər, alverçi acgözlüyü – 8 martın pərdəarxası
08 mart 2025, 17:39
- ↺ +

Qırılan ümidlər, alverçi acgözlüyü – 8 martın pərdəarxası

8 mart Beynəlxalq Qadınlar günü ölkəmizdə uzun müddətdir qeyd edilir.

Artıq ənənə halını alan bu bayram qadına olan diqqətin, qayğının bir simvoluna çevrilib. Gün ərzində əlində hədiyyə paketləri, gül buketləri ora-bura şütüyən, mağaza və dükanlarda qiymət üçün çənə-boğaza çıxan insanları görmək adi hala çevrilib. Amma işin kədərli tərəfi odur ki, bayram günü, bayramdan sonra qarşılaşdığımız bəzi mənzərələr ürək sızladır.

İlk ondan başlayaq ki, bayrama 1 gün qalmış ticarətçilərin, xüsusən də gül dükanlarının, hədiyyə satışı ilə məşğul olan mağazaların toy-bayram ab-havası başlayır. Adi gündə, məsələn, 3 manata satılan qızıl gülün birinin qiyməti qəflətən 5-6-7, bəzən də 8 manata qədər qalxır. Bu, möhtəkirlik, acgözlük, insanların cibinə girməkdən başqa bir şey deyil. Çünki bu spekulyantlar gözəl anlayırlar ki, bayram günü mütləq bir buket gül, xüsusən də qızıl güllərdən ibarət dəstə alınacaq, sifariş ediləcək. Azərbaycan ticarətinin xüsusi qaydası olan “bayram günü qiyməti artır, cibini doldur” prinsipi hər zaman işlək olub. Sadəcə bizim yerli ticarətçilər dünya iqtisadiyyatının qızıl qaydasından: “qiymətləri aşağı salıb, daha çox məhsul və mal sataraq, daha çox gəlir əldə etmək”dən ya xəbərsizdirlər, ya da bu qaydanı qəbul etmirlər. Həqiqətən də, bayram günü baha qiymətə 200-300 gül satmaqdansa, qiymətləri aşağı endirib 800-1000-1200 gül satmaq və daha çox gəlir əldə etmək mümkündür. Bu, bütün dünya ticarətində uzun illərdir sınanılan və tətbiq edilən üsuldur. Amma di gəl ki, bizim ticarətçilər, xüsusən də gül alverçiləri bu qayda üçün qapıları bağlayıb, kilidləyib, açarını da Xəzərə atıblar.

Bayram günü məyusluq yaradan mənzərələrdən biri də yol kənarına, zibil qablarına atılan hədiyyələr, gül buketləridir. Bu, qarşılıqsız sevginin, qarşılığı olmayan dəyərin və bir də hörmətsizliyin, etinasızlığın nişanıdır. Kim bilir, bəlkə o gül buketini alan cavan oğlan, dükandan oyuncaq ayı seçən tələbə cibinin son pulunu xərcləyib? Bəlkə aylarla maaşından, tələbə təqaüdündən yığaraq 8 mart günü sevinə-sevinə hədiyyə alıb? Amma aldığı gül buketi sevdiyi qızın evindəki masanı yox, zibil qutusunu “gözəlləşdirir”. Aldığı hədiyyə ürəyini açmaq istədiyi xanımın otağını yox, gözdən-könüldən iraq yol kənarını bəzəyir. Bu, daşa dəyən sevgi, hörmətdir. Bu, qarşılığı olmayan, kor-koranə bəslənən hisslərdir.

Digər bir məyusluq isə günümüzün ayrılmaz hissəsinə çevrilən sosial şəbəkələrlə bağlıdır. Təəssüflə qeyd etmək lazımdır ki, hər bayramda zühur edib status və rəyləri dolduran, bayram keçirməyin əleyhinə çıxış edənlərin sayı günü-gündən artır. Dərd orasındadır ki, ərgənlik dövrü “Facebook”un yaranma tarixinə təsadüf edən və eyni ilin 8 mart tarixində sosial şəbəkədə “mənim rəhmətə gedənim var, rayona gedirəm” deyə öz aləmində yumoristik status yazan şəxs bu gün yaşlanıb, saçları da, dişi də tökülüb, di gəl ki, hər 8 mart eyni məzmunda status yazmaqdan, rəylərdə dişlərini ağardan smayl yerləşdirməkdən çəkinmir. Hələ Klara Setkin və Roza Lüksemburqun fotosunu paylaşıb “kişilərin düşməni” deyə yazanların bu tipajlara züy tutması başqa bir dərddir. 8 mart günü yaxınını, doğmasını adi bir çiçəklə təbrik etməyi adət halına gətirə bilməyən bu zavallıların, bir də öz aləmində romantik bir dəstəsi də var. Onlar yuxarıdakılardan fərqli olaraq, hədiyyə almamaq üçün “qadını hər gün təbrik etmək lazımdır, ildə bir dəfə düzgün deyil” tipli saxta, pafoslu, boğazdan yuxarı fikirlərin arxasında gizlənirlər. Hələ bu da azmış kimi, qadınların ancaq bahalı hədiyyə qəbul etdiklərini, qiyməti ucuz olan hədiyyələrə rişxəndlə baxdıqlarını yazanlar da ortaya tökülür. Bu maddiyatçı tiplərin zəhlətökən fikirlərini qüvvətləndirmək üçün nə vaxtsa baş vermiş hadisəni bəzəyib-düzəyib əksər qadınların adından danışması, fikrini aksioma kimi camaata sırıması həyasızlığın pik nöqtəsi sayılmalıdır. Birinci ondan başlayaq ki, 8 Mart dünyanın əksər ölkələrində qeyd edilir və yaranma mahiyyətindən fərqli olaraq, qadınlara, xanımlara xüsusi diqqətin nişanəsidir. İkincisi, Azərbaycan qadını (digər ölkələrin xanımları ilə nə işimiz) heç bir halda bahalı hədiyyə ardınca qaçmır, əsas meyar burada diqqət və qayğıdır. Mən sizə yüzlərlə misal göstərə bilərəm ki, oğlunun, qardaşının, ərinin aldığı bir dəstə nərgiz gülünü 101 qızıl güldən hazırlanmış gül buketi kimi xanımlar var. Mən sizə minlərlə misal göstərə bilərəm ki, adi açıqcanı bahalı brendin məhsulu kimi qəbul edən qadınlar var. Belə misallar çoxdur. Ətrafımızda, yaxınımızda, çevrəmizdə bu tip xanımların, qadınların sayı kifayət qədərdir. Ona görə də, məsləhətim odur ki, heç olmaya, 8 martda düşük, səviyyəsiz, qadınları alçaltmağa yönəlik fikir səsləndirməkdən, rəy və status yazmaqdan əl çəkin. Çıxın evdən, yol kənarında, gül dükanlarında dəstəsi 1-2 manata satılan nərgiz güllərindən alın (əgər maddi vəziyyətiniz başqa hədiyyəyə uyğun deyilsə), yaxın və doğma xanımlarınıza hədiyyə edin. Onları sevindirin, dəyərli, sayqılı insan olduqlarını bir daha xatırladın. Yaxşı, bunları da etmirsinizsə, o düşük statusda yazdığınız kimi, bir neçə günlük rayona gedin, sosial şəbəkəyə daxil olub könül bulandırmayın. Heç bir qadını, xanımı sevindirmirsinizsə, heç olmasa, sevindirənlərə, hədiyyə alanlara mane olmayın!

Unutmayın, sevginin ən gözəl göstəricisi qayğı və diqqətdir. Qadın ona göstərilən diqqəti və qayğını əsla unutmaz! Elə bu arada, fürsətdən istifadə edib, 8 mart bayramı münasibətilə bütün xanım oxucularımı təbrik edirəm!

Şahin Məmmədov

Son xəbərlər

İqtisadiyyat
Dünən, 18:00

Qubada yolların təmirinə 1,7 milyon manat xərclənəcək

Cəmiyyət
Dünən, 17:04

Xaçmazda müəllim çatışmazlığı ilə bağlı problem aradan qaldırılıb

Hadisə
Dünən, 16:26

Qayınatasının evində yaşayan ağsulu kişi arvadını döydü - məhkəmədə barışdılar

Kriminal
Dünən, 15:00

Təyyarə qəzasında ölən qusarlı bacı-qardaşın ögey qardaşı sevgilsini öldürdü

İqtisadiyyat
Dünən, 14:00

Payızın çərəzləri bazarda - Qoz, fındıq, şabalıd və badam - VIDEO

Cəmiyyət
Dünən, 12:54

Şimallı Vətən müharibəsi şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 12:00

Qəbələdə narkotikin təsiri altında olan sürücü həbs olundu

Hadisə
Dünən, 11:03

Qubada torpaq sürüşməsi baş verib – Yolda çatlar yaranıb

Cəmiyyət
Dünən, 10:08

Xaçmazda bir küçə unudulub: Sakinlər palçıq içində qalıb - VİDEO

Cəmiyyət
Dünən, 09:12

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

İdman
23 sentyabr 2026, 18:07

Azərbaycan U-20 millisi Qəbələdə toplanışa hazırlaşır

Hadisə
23 sentyabr 2026, 17:50

Girnədəki gəmi qəzası ilə bağlı saxlanılan Şabran sakini ailəsinə zəng etdi

İdman
23 sentyabr 2026, 17:10

"Şamaxı" 700 manat cərimələndi

İdman
23 sentyabr 2026, 16:01

Qusarlı cüdoçu dünya çempionatında bürünc medal qazandı

Cəmiyyət
23 sentyabr 2026, 15:40

Balakəndə yeni Dövlət Peşə Təhsil Mərkəzi tikiləcək

Hadisə
23 sentyabr 2026, 14:56

Ağdaşda tir tüfəngi ilə yaralanan qadın buraxılıb

Cəmiyyət
23 sentyabr 2026, 14:05

Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib

Cəmiyyət
23 sentyabr 2026, 13:14

Şimal rayonlarında deputatların oktyabr üzrə vətəndaş qəbulu günləri açıqlanıb

Hadisə
23 sentyabr 2026, 12:24

Ata və oğul yanan avtomobildən xilas edilib

Cəmiyyət
23 sentyabr 2026, 11:32

Qubada "PeşəFest-2026" – Gənclərə peşə seçimi təqdim olunub - VİDEO

Hadisə
23 sentyabr 2026, 11:10

Oğuzda 2 uşaq atası kafedə qəfil öldü

Cəmiyyət
23 sentyabr 2026, 10:30

Bu ərazilərdə yaşayanlar köçürüləcək, kompensasiya veriləcək

Cəmiyyət
23 sentyabr 2026, 09:36

Şəkidən dünya ekranlarına – Turqut İsmayılov Ceki Çanla eyni layihədə

Cəmiyyət
22 sentyabr 2026, 18:04

"PeşəFest" bu dəfə Qubada keçirildi

Oxşar xəbərlər