top
“Koronovirus pandemiyası zamanı onlayn təhsilin önəmi və vacibliyi meydana gəldi” - ADPU Quba filialının direktoru İLƏ ÖZƏL MÜSAHİBƏ
10 aprel 2025, 16:03
- +

“Koronovirus pandemiyası zamanı onlayn təhsilin önəmi və vacibliyi meydana gəldi” - ADPU Quba filialının direktoru İLƏ ÖZƏL MÜSAHİBƏ

Kadr potensialının gücləndirilməsi həm də tələbələrin təhsilə marağının artırılmasına yardım edir”.

Shimal.News- un müsahibi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının rektoru dosent Yusif Alıyevdir.

Müsahibəni təqdim edirik:

- Yusif müəllim, öncə sizə işlərinizdə uğurlar arzulayırıq. Artıq 6  ildir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filalında çalışırsınız. Universiteti hansı vəziyyətdə gördünüz? Sizi nə təəccübləndirdi?

- Artıq 6 ilə yaxındır ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filalında çalışıram. Məndən öncə də burada çoxlu yaxşı işlər görülüb. Filial müəyyən inkişaf dövrü keçib. 1991-ci ilin 25 mart tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İncəsənət Universitetinin Quba filialı kimi fəaliyyətə başlayan təhsil ocağımız günümüzədək çox çətin dönəmlərdən keçib. 13 iyun 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutu yaradılarkən Quba filialı da bu institutun tərkibinə verildi. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulmasından sonra Quba filialı da ADPU-nun filialı oldu. Qeyd etdiyim bütün bu hadisələr Quba filialının inkişafına öz müsbət təsirini də göstərib. Məni təəccübləndirən isə bölgədə fəaliyyət göstərən ali təhsil ocağında bir-birindən savadlı, istedadlı, bacarıqlı kadrların mövcudluğu idi.

Lakin filiala ilk gəldiyim zaman diqqətimi çəkən mehriban və səmimi münasibətlə yanaşı, koordinasiyanın zəif, beynəlxalq əlaqələrin yox səviyyəsində olması, elmi-tədqiqatın yetərsiz və hədəfsiz durumu, böyük tədbirlər üçün daha effektiv akt zalına ehtiyacın duyulması idi. İlk gündən filialda mövcud vəziyyəti düzgün qiymətləndirərək əməkdaşlar və tələbələr arasında sağlam əməkdaşlıq mühitinin gücləndirməsinin zəruriyyətini, kadr islahatları siyasətində qətiyyətli addımlara imza atmalı olduğumu anladım.  Bu reallıq rəhbərin apardığı məqsədyönlü inkişaf siyasətinin tərkib hissəsi olaraq qiymətləndirilir ki, bu da filialımızda islahatların sonrakı mərhələsi, idarəetmə və kadr seçimi ilə bağlı, habelə, struktur şöbələri üçün prioritetlərin müəyyən olunması baxımından  mühüm  yol xəritəsi ortaya qoydu. Bu yol xəritəsinə uyğun olaraq da, filialda doktorantların, alimlik dərəcəsi alan əməkdaşların sayı artdı, beynəlxalq əlaqələr gücləndi, yeni nailiyyətlər əldə edildi. Beləliklə, tez bir zamanda biz güclü kollektivimizlə vahid komanda halına gələrək daha böyük uğurlara imza ata bildik.

- Universitetdə ilk dəyişikləri hansı istiqamətlərdə etdiniz?

- İlk olaraq ali təhsil müəssisəsinin mövcud durumu incələndi. Müvafiq komissiyalar yaradaraq filialda hansı tərəflərin zəif, hansı tərəflərin güclü olması ilə bağlı meyarlar əsasında dəyərləndirmə apardıq. Təbii ki, tədrisin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı təlim-tərbiyə işinin möhkəmləndirilməsi, ideoloji xəttin doğru istiqamətləndirilməsi işlərinə daha çox diqqət ayırdıq.

İnkişafın olmasının başlıca şərtlərindən biri intizam və məsuliyyətdir. Bildiyimiz kimi universitetlərin, elmi müəssisə və təşkilatların idarə edilməsi aşkarlıq, şəffaflıq, özünüidarə və elmi yaradıcılıq azadlığı prinsipləri əsasında həyata keçirilir. Bu səbəbdən də fəaliyyətə başladığım gündən bəri əməkdaşların iş intizamına nəzarətin daha şəffaf və obyektiv olmasını təmin etmək məqsədilə filialda turniket qurğusu quraşdırıldı. Əməkdaşların rahat və sərbəst işləmələri üçün yeni iş otaqları hazırlanıb istifadəyə verildi. Daha sonra strategiyaya uyğun olaraq professor-müəllim heyəti və tələbələr üçün daha sağlam mühitin yaradılması üçün müəyyən addımlar atıldı. Məsələn, yeni auditoriyalar, işçi strukturlar ərsəyə gətirildi. Eyni zamanda, filialın kadr potensialının yüksəldilməsi işlərini önə çəkərək 2019-cu ilin oktyabr ayında filalda çalışan doktorant və gənc alimlərin vahid mərkəzdən koordinasiya olunması üçün Gənc Alim və Mütəxəssislər Şurası təsis edildi və sıralarında 20-ə yaxın üzv birləşdi. Bunun nəticəsidir ki, son beş ildə filialımızdan 8 nəfər fəlsəfə doktorluğu, 2 nəfər isə elmlər doktorluğu dissertasiya işlərini müdafiə edib. 2 nəfər dosent elmi adı alıb, 1 nəfər isə doktoranturaya qəbul olub.

Kadr potensialının gücləndirilməsi həm də tələbələrin təhsilə marağının artırılmasına yardım edir. Çünki istənilən elmi-tədqiqat işi aparan mütəxəssis həm də müəllim kimi özünü formalaşdırır və yeni tədris metodları vasitəsilə auditoriyada özünü yaxşı tərəfdən göstərir. Tələbələrin də tədrisə marağının motivasiya edilməsi yeniliklərə aparan yolumuzu daha da sürətli etdi. Belə ki, 2019-cu ilin oktyabr ayında keçirilən Elmi Şuranın qərarı ilə “Adlı təqaüdlər haqqında Əsasnamə” təsdiq edildi. Müvafiq ixtisaslar üzrə məbləği 100 manat olan Heydər Əliyev adına Ali təqaüd və məbləği 50 manat olan Fətəli xan adına, Badisəba xanın Köçərli adına, Kübra Fərəcova adına, Nadir İbrahimov adına, Səməd Vurğun adına, Abbasqulu ağa Bakıxanov adına təqaüdlər təsis etdik. Bunun da sayəsində vaxtilə tələbələrimizin 4-5 nəfəri təhsillərini davam etdirmək üçün magistratura pilləsinə baş vururdularsa, indi hər il 30-a yaxın tələbəmiz ölkə universitetlərinin magistratura pilləsini, 4-5 tələbəmiz isə xarici nüfuzlu ali məktəblərin magistratura proqramlarını qazanır.

- Universitetin gələcək inkişafı üçün hansı prioritetlər var? Hansı yeni layihələr üzərində işləyirsiniz? Universitetin əsas strateji məqsədləri nədir və bu məqsədlərə necə nail olmağı planlaşdırırsınız?

- Bizim üçün hər gün yeniliklə başlayır, uğurla bitir. Çünki biz artıq yeniliklərə o qədər alışmışıq ki, əməkdaşlarımız da gördükləri işlərin hər birini yeniliklər əsasında icra edirlər. Filialımızda islahatların sonrakı mərhələsi, idarəetmə və kadr seçimi ilə bağlı, habelə, struktur şöbələr üçün prioritetlərin müəyyən olunması baxımından mühüm yol xəritəsi ortaya qoyuldu. Qısa, orta və uzunmüddətli strateji planlar tərtib edildikdən sonra problemlərin prioritet istiqamətlər daxilində paralel olaraq həlli mexanizmlərini də tapıb yerinə yetirdik. Həmçinin kadr siyasətində müvafiq kriteriyalara cavab verən kadrların idarəçilik proseslərinə cəlb edilməsi ilə hədəflərimizə gedən yol qısaldı. Hazırda Quba-Xaçmaz İqtisadi rayonu üçün zəruri olan yeni ixtisasların açılması, təhsil və elmi-tədqiqat baxımından beynəlxalq əməkdaşlığın yüksəldilməsi gördüyümüz əsas işlərdəndir. Hər il müsabiqə şərtləri rəqabət baxımından bir qədər də artdığından yüksək bal toplamış tələbələrin bizi seçməsinin şahidi oluruq. Biz bu tendensiyanı daha da artırmağı, ən güclü tələbələrin bizi seçmələrinə nail olmağa çalışırıq. Həmçinin təhsildə və elmdə yeni qrant layihələrinin əldə edilməsi istiqamətində çox böyük işlərimiz var. Bütün bunlar isə bir əsas hədəfə söykənir: Regionda fəaliyyət göstərən tədqiqat universitetinə çevrilmək.

- Rəhbəri olduğunuz ali təhsil müəssisəsində müasir texnologiyalar və onlayn təhsil metodlarından necə istifadə olunur?

- Ümumiyyətlə, 2020-ci ilin mart ayında qəfildən koronovirus pandemiyasına yaxalandıqdan sonra onlayn təhsilin önəmi və vacibliyi meydana gəldi. Büdcəsi güclü olan universitetlərimizin bir çoxu belə ilk vaxtlar bu durum qarşısında aciz qaldılar. Lakin Azərbaycan təhsil məkanında ilk dəfə olaraq ADPU-nun Quba filialı olaraq mövcud durumu tez bir zamanda analiz edərək gözəl bir iş ortaya qoyduq. Belə ki, Qubada fəaliyyət göstərən “Qafqaz” TV ilə əməkdaşlıq memorandumu imzaladıq. 2020-ci il martın 18-dən etibarən “Telemühazirə” adlı dərs-verilişin yayımına başlanıldı. Efir vasitəsilə bu verilişdə filialın 12 müəllimi 60-dək mühazirəni tələbələrə çatdırdı. Bundan başqa, tələbələrin e-mail ünvanları, “WhatsApp” qrupları, “Zoom” proqramı və “Microsoft Teams”, Moodle, platforması üzərindən dərslər tədris edilməyə başlandı, internet imkanlarının əlçatanlığı və tələbələrin onlayn dərslərə qoşulmasının davamlılığı təmin edildi. Son üç il ərzində yüksək sürətli fiberoptik internet xətti ilə təmin edildiyimizdən bir-birindən maraqlı beynəlxalq və yerli onlayn konfranslara ev sahibliyi etmişik. Hazırda filialda İKT laboratoriyası ilə yanaşı böyük auditoriyalarımızın hər biri ağıllı löhvə, proyektor, internet xətti və kompyuterlərlə təchiz edilib.

- Universiteti bitirən məzunların iş təminatı hansı səviyyədədir?

- Hazırda ADPU-nun Quba filialında Azərbaycanın 42 rayonundan 1200-ə yaxın tələbə təhsil alır. Təbii ki, məzunların işlə təmin olunması, sonrakı fəaliyyətlərinin izlənməsi hər bir ali təhsil müəssisəsi üçün çox önəmlidir. Çünki məzunların əmək bazarında işlə təmin olunması universitetlərin reytinq göstəricilərində ön yerdə gəlir. Ona görə də 2024-cü ildə Quba filialının məzunlarının da sistemli izlənməsi, araşdırılması üçün tələbə və məzunlarla iş və karyera şöbəsi yaratdıq. İndi məzunlarımızın böyük əksəriyyəti ilə əlaqələrimiz var, onlarla görüşürük, tədbirlərə dəvət edirik. Hətta dövlət qurumları və özəl sektorun nümayəndələri ilə sıx əlaqəmiz olduğuna görə məzunlarımıza şöbə vasitəsilə vakant vəzifələr haqqında məlumat verir, onları aidiyyəti şəxslərlə görüşdürürük. Bir sözlə, filialdan məzun olan gənc mütəxəssislərin xoş soraqlarını təhsil ocaqlarından, dövlət qurumlarından, özəl şirkətlərdən ala bilirik.

Fəxrlə deyə bilərəm ki, ilk gündən filialda mövcud vəziyyəti düzgün qiymətləndirərək əməkdaşlar və tələbələr arasında sağlam əməkdaşlıq mühitinin gücləndirilməsi, nizam-intizamın  möhkəmləndirilməsinin təmin edilməsi nəticəsində daha böyük uğurlar əldə edilir. Hər il müəllimlərin işə qəbul imtahanlarında iştirak edərək yüksək nəticə göstərən məzunlarımızla yanaşı, magistratura imtahanlarında uğur qazanan tələbələrin də sayı artır. Filialımızın magistraturaya daxil olmuş məzunları təhsil aldıqları ali təhsil müəssisələrində təhsil və mədəniyyət göstəricilərinə görə də fərqlənirlər. Filialımızın pedaqogika ixtisası üzrə məzunu Çimnaz Şıxverdiyeva yüksək balla ADA Universitetinin təhsil və öyrənmə ixtisasına qəbul olub. O çox gözəl tədqiqatçı kimi yetişdi və bizim də fəxrimiz oldu. Həmçinin öz magistr dissertasiya işini “Müəllim namizədlərin öz-yetərlik qavrayışının araşdırılması. ADPU-nun Quba filialı nümunəsi” mövzusunda seçərək təhsil aldığı filialın elmi cəhətdən araşdırılmasına həsr edib. Bu da təbii ki, bizi çox sevindirir. Filialın çoxlu məşhur məzunları vardır ki, onlardan ARB Günəş TV-nin direktoru Məhsim Məhsimov, Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, Quba Mədəniyyət evinin direktoru Ramiz Ramazanlı mütəmadi olaraq təhsil ocağı ilə sıx əlaqə saxlayırlar. Həmçinin hazırda rəhbər vəzifələrdə çalışan bir neçə nəfər də bizim məzunlarımızdır.

- Bu gün dünya universitetlərinin reytinqi tərtib ediləndə hətta kadr hazırlığından da öndə gələn kitabxanalardır. Sizcə, biz bu gün universitetlərimizdə o kitabxananı tam formalaşdıra bilmişik və yaxud bunula bağlı gələcək üçün nə düşünürsünüz?

- Kitabxana bölməsi bizim filialımızın ən vacib və gərəkli bir hissəsidir. Sovet ittifaqı dağıldıqdan sonra Azərbaycan universitetlərinin də maddi-texniki bazasında zəifləmə müşahidə olundu. Bu zəifləmədən daha çox kitabxanalar əziyyət çəkdi. Çünki dünyanı inkişaf etdirən elm və təhsillə bağlı minlərlə kitablar yazılırdı ki, bizim üçün onlar əlçatan deyildi. Təbii ki, mərkəzdəki universitetlərdə əldə olunan uğurları regiondakı ali təhsil ocaqlarında da davam etdirmək lazım idi. Məhz buna görə də, işə başladığım ilk günlərdən kitabxananın fəaliyyətinin gücləndirlməsi və yenilənməsi istiqamətində addımlar atdıq. İlk olaraq kitabxanadakı oxu zalını qaydaya saldıq. Oxu zalına 15 ədəd kompüter yerləşdirdik, sürətli internet xətti çəkdik. Az nüsxəli kitabların əlçatanlığını təmin etmək üçün PDF-ləşdirdik. 27 noyabr 2019-cu il tarixində Azərbaycan Milli Elimlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası ilə memorandum imzaladıq. Filialda olmayan nadir kitabların əldə edilməsində bizə böyük dəstək verildi, bu gün də həmin əlaqəmiz yüksək şəkildə davam etdirilir. Çalışırıq ki, dünya təcrübəsinə əsaslanan kitabxana sistemi quraq və regionda bu imkanlardan geniş istifadə olunsun.

Beş il bundan öncə 16000 kitab fondu olan kitabxanamız hazırda 30000 kitab və 3000 elektron kitab fonduna malikdir. Bundan başqa, 2022-ci ildə yenidən qurulmuş kitabxana və elektron resurslar şöbəsi respublikadakı və xaricdəki kitabxanalarla əlaqə yaradaraq yeni və müasir kitabların əlçatanlığını təmin edirlər. Tələbələrlə mütamadi şəkildə tanınmış şair, yazıçı, ziyalılarla görüşlərin keçirilməsi də kitabxana işinin təşkili fonunda icra edilir.

- Pedaqoq-tələbə, rəhbər-işçi münasibətlərinin müxtəlif modelləri mövcuddur. Siz hansılara üstünlük verirsiniz? Tələbələrlə, professor-müəllim kollektivi ilə dost olmağa çalışırsınız?

- Müasir qloballaşma şəraitində təhsildə qısa müddət ərzində fərqli -fərqli yeniliklər meydana çıxır. Biz istəsək də, istəməsək də yeni prioritelər bizi də öz ağuşuna alır. Bunun əsas səbəblərindən biri odur ki, yeni ixtisaslar üzrə yazılmış proqramları hazırlayan ölkələrin bir çox xüsusiyyətlərini də mənimsəməli oluruq. Ona görə də ölkəmizin elm və təhsil siyasətini yerinə yetirən qurumlar bu məsələlərə daha həssas yanaşaraq milli xüsusiyyətlərimizə uyğun olan dəyərləri qoruyub saxlamağa çalışırlar.

Müsir təhsil sistemi tələbə mərkəzli təhsil modeli əsasında qurulduğundan tələbələrlə sağlam münasibətlər qurulması vacibdir. Mən də burada fəaliyyətə başladığım gündən qəbul günü və iş saatı anlayışını kənara qoydum, istənilən tələbə və müəllim öz fikir və düşüncəsini sərbəst şəkildə gəlib mənə deyə bilər. Xüsusi olaraq tələbələr üçün qapımız hər zaman açıq olmalıdır. Ona görə bizim universitetimizdə də tələbələrlə əlaqələr, münasibətlər əməkdaşlıq müstəvisi üzərindən qurulub. Çünki bu günün tələbəsi sabahın müəllimidir, yəni bizim həmkarımızdır.

Odur ki, biz müəllimlər tələbələrlə dost olmağa çalışmaqdan daha çox artıq dostuq. Əvvəllər onları qazanmaq üçün müxtəlif layihələr icra edirdim. Məsələn, filialda tələbə klublarının yaradılması, tələbələrin yaşadıqları evlərdə və yataqxanada onların ziyarət edilməsi, filialda tələbə gənclərin fəallığının təmin edilməsi məqsədi ilə Tələbə Koordinasiya Şurasının yaradılması və s. İndi isə tələbələrimizin özləri o qədər yeni layihələrlə gəlirlər ki, düşününrəm ki, bu məqsədimizə tam nail olmuşuq.

- Öz ixtisasını düzgün seçə bilməyən tələbə problemi var?

- Bu problem hər zaman olub, düşünürəm ki, olacaq da. Çünki bizim təhsilə baxışımız zaman-zaman dəyişir. Ona görə də elə tələbələr var ki, ilk ixtisaslarını ailələrinin və digər şəxslərin təsiri ilə seçirlər. Bir müddət sonra onlar özlərini başqa ixtisaslarda görürlər. Ona uyğun təhsil almaq üçün təhsil fasiləsizliyi deyilən sistem vardır ki, istənilən şəxs həyatının ixtiyari dövründə yenidən öz istəyinə uyğun təhsil ala bilər. Bundan başqa tələbələrin təhsil aldıqları müddət ərzində öz ixtisas qruplarına uyğun olaraq bir qədər fərqli ixtisasları seçmək üçün ixtisas yerdəyişmələri şansları da verilir ki, bu da ildə bir dəfə Elm və Təhsil Nazirliyinin mərkəzi sistemi ilə həyata keçirilir.

Son illər Quba filialına 500, 600 baldan yüksək bal toplayaraq qəbul olan tələbələrimiz arasında da bunu müşahidə edirik. Onların bir çoxu bakalavr dərəcəsini bitirdikdən sonra bəzən tamam fərqli ixtisas üzrə magistraturaya daxil olurlar ki, bununla da öz istədikləri ixtisaslara yaxınlaşırlar. Ali təhsil ocaqlarının üzərinə düşən vəzifə yaxşı təhsil verməkdən ibarətdir. Ona görə də bizim sloqana çevrilmiş “Yüksək təhsilin əlçatan ünvanı” çağırışımız regionda yaşayan tələbələrimizin düzgün ixtisas seçmələrinə də kömək edir.

- Tədris metodikasından danışırıq. Artıq bütün dünyada süni intellekt tək gündəlik həyata yox, təhsilə də inteqrasiya olunub. Tələbələr tapşırıqları süni intellekt vasitəsi ilə həll etməyə çalışırlar. Sizcə, süni intellekt təhsilə kömək edir, yoxsa ziyan vurur?

- Dünyanın bir nömrəli müzakirə mövzusuna çevrilmiş süni intellekt insan təfəkkürünün, elmin, təhsilin məhsuludur. Ona görə də süni intellektlə işləmək insana kömək edir. Təhsil müəssisələrimiz çalışmalıdır ki, süni intellektin imkanlarından geniş istifadə etsin, onların vasitəsilə daha çox imkanlar qazansın. Biz də bütün yenilikləri öyrənməyə və onlarla ayaqlaşmağa çalışırıq. Tələbələrimizə süni intellektin verdiyi imkanlardan istifadə edib özlərini formalaşdırmağa, sosial şəbəkə və internet asılılığından qurtarmağa sövq edirik. Təbii ki, bütün bunların zirvəsində təhsil dayanır. Ona görə də yüksək təhsilli gənc istənilən halda süni intellektin imkanlarından daha məqsədli şəkildə yararlanaraq onu bəşəriyyət üçün xidmət edən hala gətirəcək. 5 ildir ki, filial üzrə imtahanların mərkəzləşdirilmiş qaydada, operativ şəkildə təşkil edilməsi tələbələrin araşdırma qabiliyyətini artırıb və bu işdə süni intellektin də faydalarından artıq geniş yararlanırlar.

- Maraqlıdır, universitetin büdcəsi necə idarə olunur və hansı sahələrə daha çox investisiya yatırılır?

- Universitetin büdcəsi daha çox filialda əməkdaşların sosial rifahının yüksəldilməsi, infrastrukturun yenilənməsi, tələbələrin daha yüksək şəraitdə təhsil almaları üçün maddi-texniki bazanın möhkəmləndirilməsinə sərf olunur. Son beş ildə filialda həyata keçirilən məqsədyönlü və inkişafyönlü maliyyə xərcləmələri sayəsində filialın əməkdaşlarının əmək haqları əsaslı şəkildə artırılıb, böyük akt zalı, 6 böyük auditoriya, Heydər Əliyev Lektoriyası, Azərbaycan-Özbəkistan Türk dünyası tanıtım Kültür mərkəzi, dekanlıq və kafedra otaqları, guşə və bölmələr hazırlanıb istifadəyə verildi. Bundan əlavə 90 kompüter və digər İKT vasitələri, əyani vəsaitlər alınaraq müəllim və tələbələrin ixtiyarına verilib. Əməkdaşların fərdi inkişafına yönəlmiş ezamiyyələrin qarşılanması, müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədi ilə kursların təşkili, tələbələrə adlı təqaüdlərin verilməsi, olimpiada və yarışların qaliblərinin mükafatlandırılması da bizim büdcə imkanlarımız hesabına icra olunur. Yeni avadanlıqlarla təchiz olunmuş “Pedagoji restaurant” adlı müasir tələbə yeməkxanasının istifadəyə verilməsi də büdcə qənaətləri hesabına həyata keçirdiyimiz işlərdəndir.

Filialımızda 44 günlük Vətən müharibəsinin qəhrəman oğlu şəhid kapitan Aqil Məlikovun həyat yoldaşı Günel Məlikovanı, vətən müharibəsi iştirakçısı qazi İsmət Əhmədovu işə götürməyimizi xüsusi qeyd etmək istərəm. Həmçinin koronavirus pandemiyası və Vətən müharibəsi dövrlərində yaradılmış fondlara filialımızın büdcəsindən və könüllü olaraq əməkdaşlarımızın vəsaiti hesabından müəyyən ödənişlər etmişik ki, bununla da fəxr edirik.

- Universitetdə maliyyə çətinliyi olan tələbələrə dəstək proqramları varmı?

- Əlbəttə var. Universitetlərin büdcəsinin böyük bir hissəsi tələbələrin ödədiyi təhsil haqqı hesabına formalaşır. Ona görə də maliyyə azlığı səbəbindən bu büdcəni daha geniş formada böyük arzular istiqamətində istifadə etmək çətinlik yaradır. Bunlara baxmayaraq, sosial durumu aşağı olan tələbələrimizə müəyyən güzəştlər edirik. Xüsusən də şəhid və qazi övladlarına, ailə üzvlərinə bu diqqət daha yüksək şəkildə olur. Başqa dəstəklərimiz də olur ki, bunu da həm mənəvi, həm də etik baxımdan tam açıqlamaq doğru olmazdı. Bir məsələni də xüsusi olaraq qeyd edim ki, bu gün dövlətimizin diqqət və qayğısına güvənib yaşamaq üçün daha böyük imkanlar var. Belə ki, elmə və təhsilə dəstək fondları, qurumlar var ki, tələbələrimiz bu imkanlardan daha yaxşı formada yararlanırlar.

- Universitetdə təhsil keyfiyyətini necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, təhsil ilə məşğul olduqca görürük ki, təhsil hər an dəyişə bilən bir sistemdir. Ona görə də onun keyfiyyət göstəricisini tez bir zamanda ortaya qoymaq olduqca çətindir. Çünki inkişaf etdikcə yenilənir, bəzən sənin məşğul olduğun keyfiyyət adlandırdığın mexanizm də öz aktuallığını itirir. Təhsil bildiklərimizin bilmədiklərimiz üzərində qurulmuş təmas sərhədidir. Zaman-zaman bilmədiklərimizi mühakimələr şəklinə salaraq elmə çevirir və onu da təhsil vasitəsilə bildiklərimiz xəzinəsinə daxil edərək bilgi sərhədlərimizi genişləndiririk. Bir nüansı da nəzərə alaq ki, təhsilə heç bir mütəxəssis tərəfindən konkret tərif verilməsi mümkün deyil. Ona görə də bizim filialda da təhsilin keyfiyyəti mənsub olduğumuz böyük ADPU ailəsindəki uğurlu təhsil göstəriciləri ilə bir yerdə qeyd edilir.

Bundan əlavə filialda tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində də işlər görülür. Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunu qiymətləndirmək, filialda səmərəli və müasir tələblərə uyğun tədris mühitinin  yaradılmasını dəstəkləmək, filialın fəaliyyətinin özünütəhlil əsasında davamlı inkişafını təmin etmək məqsədilə 2021-ci ildə Keyfiyyətin Təminatı şöbəsini yaratdıq. Filialın daxili keyfiyyət təminatının təkmilləşdirilməsi çərçivəsində 2022-ci ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Quba filialı arasında imzalanmış təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi çərçivəsində təlim və konsultasiya xidmətlərinə start verilib, filialda yeni sillabusların yaradılması istiqamətində təlimlər keçirilib. Həmçinin müasir təlim metodları ilə dərslərin keçrilməsi ilə əlaqəli beynəlxalq və yerli istiqamətli təlimlərin təşkil edilməsi ilə müəllimlərin elmi tədqiqat yaradıcılığının artırılmasına nail olunub. Artıq 4 ildir ki, Quba filialında tətbiq olunan reytinq qiymətləndirilməsi sayəsində tədris keyfiyyətinin yüksəldilməsinə nail olunub, elmi-tədqiqat işlərinin səviyyəsi artıb. 44 günlük Vətən müharibəsindən sonra filialımızda bir-birindən fərqli tədbirlər keçirilir. Dərs auditoriyalarına qəhrəman şəhidlərimizin adları verilir, şəhid otaqları yaradılır. Şəhid Nuran Mirzəyev, Miqdad Abduləlimov və kapitan Aqil Məlikov adına ixtisaslaşmış auditoriyaların təşkili isə tələbələrdə milli-mənəvi dəyərləri daha da dərinləşdirir, ideoloji təbliğatımızı daha da yüksəldir.

- Regionun təhsil sistemində nə kimi problemlər var? Sizcə, rəhbərlik etdiyiniz təhsil ocağı bu məsuliyyətli missiyanın öhdəsindən 100 faiz gələ bilirmi?

- Dünya təhsili ilə yanaşı Azərbaycan təhsili inkişaf edir. Quba tarixən təfəkkür və intellekt mərkəzi kimi seçildiyi kimi bu gün də üstün keyfiyyətlərini qorumaqdadır. Hər il bu bölgədən onlarla gənc təhsil aldığı məktəb vasitəsilə öz elmi nəticələrini ortaya qoyaraq adını tarixə yazdıracaq layihələrə imza atır. Qubadan çıxmış Reyhan Camalova kimi, Zamiq Şükürov kimi gənclərimiz varsa, deməli region da, təhsilimiz də inkişaf edir, hətta bu inkişaf dünyaya belə açılır. Bizim filialın tələbələri də artıq beynəlxalq mübadilə proqramları daxilində xarici nüfuzlu universitetlərdə təhsilə cəlb olunurlar. İbtidai sinif müəllimliyi ixtisasının tələbəsi Asiman Ramazanovanın Erasmus+ proqramı ilə Danimarkanın Kopenhagen Universitetində dövlət xətti ilə təhsil alması, Fəridə Hüseynovanın Türkiyə universitetləri tərəfindən təqaüd müqabilində təhsilə cəlb edilməsi bizim uğurlarımız sırasında böyük addımlar idi.

Bu gün ADPU Quba filialının tələbələri bölgənin ictimai həyatında, mədəni-kütləvi tədbirlərində yaxından iştirak edir, cəmiyyətə yararlı şəxsiyyət kimi formalaşırlar. ADPU-nun Quba filialının respublikanın bir sıra ali məktəbləri ilə yanaşı, Türkiyə, Rusiya, Polşa, Ukrayna, Özbəkistan, Qazaxıstan, Macarıstan, Almaniya  və s. kimi ölkələrin elmi müəssisələri ilə sıx beynəlxalq əməkdaşlıq əlaqələri də var. Bizim əsas hədəflərimizdən biri də filialda magistratura pilləsinin açılmasına, gələcəkdə isə doktorantura səviyyəsinə nail olmaqdır. Təbii ki, bunlar da region ali təhsil müəssisəsinin uğurlarıdır. Bütün qeyd edilənlərin özünəməxsus çətinlikləri, həlli problemləri mövcuddur. Lakin bunlar bizi öz yolumuzdan döndərə bilmir.

Əksinə, gördüyümüz işlərdən daha böyük stimul alırıq. Ona görə də artıq yaxın günlərdə yeni ixtisasların açılması ilə bağlı fərqli yeniliklərlə gündəmə gələcəyik. Düşünürəm ki, hər bir əməkdaş üzərinə düşən məsuliyyəti dərk edib, işinə vicdanla yanaşsa, daha böyük uğurlar əldə edə bilərik.

ADPU-nun Quba filialının kollektivi əldə olunan uğurları filial üçün əsaslı nailiyyətlər hesab etsə də, ən böyük uğurların qarşıda olduğu düşüncəsi ilə yorulmadan, əzmlə çalışır. Bölgə ali məktəbi üçün qaneedici elmi-pedaqoji kadr potensialı formalaşdıran filial gələcəkdə müstəqil Azərbaycanın uğurlu inkişafı fonunda mövcud bazasında kadr hazırlığı sahəsində sərbəst universitet statusuna malik ali məktəb formalaşdırmağı qarşısına hədəf qoyub.

Biz Qubada elm, təhsil, mədəniyyət mərkəzi olaraq, bundan sonrakı işlərimizi də bu yolda inamla davam etdirəcəyik. Tezliklə Qubadakı ali təhsil ocağında nəinki Azərbaycanın, hətta dünyanın hər yerindən tələbələr təhsil alacaqlar. Qubadakı təhsil ocağı Azərbaycan mədəniyyətinin dünyadakı carçılarından olacaq.

Nəzrin Vahid

Son xəbərlər

Hadisə
02 may 2026, 18:00

Qaxlı tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi

Cəmiyyət
02 may 2026, 17:20

Şimalda güclü külək əsəcək

Bütün xəbərlər
02 may 2026, 16:20

Xaçmazlı şəgidimizin doğum günüdür

Hadisə
02 may 2026, 15:20

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum etdi

Cəmiyyət
02 may 2026, 14:20

Yüzlərlə TIR Samur gömrük postunda toplaşdı

Cəmiyyət
02 may 2026, 13:20

Sabah Şimalın havası necə olacaq?

Cəmiyyət
02 may 2026, 12:22

Azərbaycan və Rusiya: hakimiyyətin insanlara münasibəti

Hadisə
02 may 2026, 11:06

Şəkidə canavarlar kəndə hücum etdi: 30 baş heyvan tələf oldu

Hadisə
02 may 2026, 10:30

İsmayıllıda 4 kəndlə əlaqə kəsildi

Cəmiyyət
01 may 2026, 18:00

Qubada piyada səkisində açıq təhlükə

Faydalı
01 may 2026, 17:00

Təmiz addım"la daha gözəl gələcəyə!" - Qaxda ekoloji aksiya

İdman
01 may 2026, 16:00

"Sərhəd" hərbi-idman oyunlarının final mərhələsinin açılışı olub

İdman
01 may 2026, 15:00

"Zaqatala" futbolçularının "alver" etməsindən şübhələnir

Kriminal
01 may 2026, 14:00

Qusarda oğlan anasını təhqir edən yeznəsini döydü

Cəmiyyət
01 may 2026, 13:00

Qaz üzünə həsrət qalan Quba sakinləri

Hadisə
01 may 2026, 12:00

Balakəndə kanalizasiya borularını oğurlayan şəxs saxlanıldı

Cəmiyyət
01 may 2026, 11:00

Şimalda güclü külək əsəcək

Cəmiyyət
01 may 2026, 10:13

Qəhrəman şəhidlərimizin doğum günüdür

Hadisə
01 may 2026, 09:20

Ağac aşdı, Gəndob-Yalama yolu BAĞLANDI

Cəmiyyət
30 aprel 2026, 17:50

ADPU-nun Quba filialında təhlükəli vəziyyət

Cəmiyyət
30 aprel 2026, 17:00

Kəndlərdə "heyvan nobatı" ənənəsi unudulur?

İqtisadiyyat
30 aprel 2026, 16:00

Qaxda 450 hektar sahədə tütün əkiləcək

Hadisə
30 aprel 2026, 15:00

Xaçmazdakı qəzada vəfat edən Orxan

Cəmiyyət
30 aprel 2026, 13:59

Qubada WUF13 Festivalı başlayıb

Cəmiyyət
30 aprel 2026, 13:17

Xaçmazın mərkəzində baxımsızlıq hökm sürür

Cəmiyyət
30 aprel 2026, 12:20

Timiryazevdə sürücülərin kabusuna çevrilən yol

Kriminal
30 aprel 2026, 11:20

Oğuzda saxlanılan narkokuryerlərdən 13 kq marixuana aşkarlandı

Cəmiyyət
30 aprel 2026, 10:20

Şəkinin çalalı yolları

Oxşar xəbərlər