Balakən rayonundan olan kümçülər baramalarını təhvil versələr də, pullarını ala bilmirlər.
Xezerxeber.az-ın məlumatına görə, rayonun Qazbinə kəndinin sakinləri bildirirlər ki, yetişdirdikləri baramanı ötən ayın əvvəlləri təhvil verərkən 7-10 iş günü ərzində vəsaitin fermer kartlarına yüklənəcəyi deyilib, amma 40 gündən çox vaxt keçməsinə baxmayaraq, hələ də pulları ödənilmir.
Sakinlərin şikayəti ilə bağlı "Azəripək" MMC-nin nümayəndəsi Teymur Musayevin sözlərinə görə, hazırda müəssisənin kümçülərin pulunun ödənilməsi üçün heç bir çətinliyi yoxdur:
“Kümçülərin vəsaiti almaları üçün müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq sənədləşmə olmalıdır. Kümçülərdən xahiş olunur ki, sənədləşmənin tələbinə uyğun işlərini həyata keçirərək pullarını alsınlar".