Qubanın Xucbala kəndində iribuynuzlu heyvanların tələfatı qeydə alınıb. Bu barədə ShimalNews 11 dekabr tarixində “Apa”ya istinadən məlumat verir.
Sahibkar Elnur Mirzəyevin təsərrüfatında olan 3 baş inək gecə naməlum səbəbdən ölüb. O bildirib ki, axşam həmişə olduğu kimi, heyvanlara qulluq edib, işığı söndürüb, qapını bağlayıb. Səhər tövləyə gələndə isə bu vəziyyəti görüb.
Əraziyə Dövlət Baytarlıq Xidmətinin əməkdaşları gəliblər, heyvanların cəmdəklərindən nümunələr götürülüb. Onlar ilkin ehtimal olaraq, iribuynuzlu heyvanların elektrik cərəyanı vurması nəticəsində tələf olduğunu açıqlayıblar.
Elnur Mirzəyev gecə saatlarında tövlədə elektrik cərəyanı olmadığını qeyd edir. Ölümün dəqiq səbəbi aparılan araşdırmaların sonunda məlum olacaq.
Həmin inəklər Dövlət Məşğulluq Xidməti tərəfindən sahibkara 3 il öncə verilmişdi.