Quba rayonunda kişi arvadını döyüb.
Hadisə rayonun Bəhrəli (keçmiş Timiryazev) kəndində qeydə alınıb.
Məlik Abbasov (şərti adla) yaşadıqları evdə gözəllik salonunda işləyən arvadına geyimi ilə bağlı irad bildirib. Bu iraddan sonra cütlük arasında mübahisə başlayıb. Mübahisə böyüyəndə isə o, qadını boğub, əl və təpik zərbələri vuraraq xəsarətlər yetirib.
Bu əməlinə görə Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində deyib ki, 2004-cü ildə ailə qurublar. Gözəllik salonunda işləyən arvadı evə gələndə ona geyimi ilə bağlı irad bildirib. Zərərçəkənin sözlərinə görə, hadisə onların qızının yanında baş verib. Məhkəmə istintaqı zamanı zərərçəkən ərizə təqdim edərək, əri ilə barışdığını və ona qarşı şikayətçi olmadığını deyib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və M. Abbasov zaldan sərbəst buraxılıb.
Mənbə: Modern.аz