Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində torpaqlarımız uzun illər davam edən işğaldan azad edilib.
44 günlük Vətən müharibəsinin 14-cü günündə hərbi əməliyyatlar bütün cəbhəboyu davam edib.
Shimal.News xatırladır ki, 2020-ci il oktyabrın 10-da aşağıdakı hadisələr baş verib:
Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatları nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, 13 tankı, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 "Zastava" zenit qurğusu, 2 radiolokasiya stansiyası və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib.
Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut qəsəbəsinə, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətinə hücuma cəhd göstərib. Bölmələrimizin qabaqlayıcı tədbirləri nəticəsində xeyli sayda canlı qüvvə və döyüş texnikası itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib. Düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını sıradan çıxarılıb.
Azərbaycan Ordusu Qubadlıda düşmənə məxsus "S-300" idarəetmə sistemini məhv edib.
Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Eyni zamanda, bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub. Azərbaycan Ordusunun bölmələri düşmənin bütün hücum cəhdlərinin qarşısını qətiyyətlə alıb.
Atəşkəs rejimini pozan düşmənin zirehli və digər hərbi texnikası, tank və artilleriya bölmələri, atəş nöqtələrinə çıxarılan ağır artilleriyası, eləcə də döyüşə hazır vəziyyətə gətirilən zenit-raket kompleksləri Azərbaycan Ordusunun bölmələri tərəfindən dəqiq atəşlə məhv edilib.
Ermənistan ərazisindən Mingəçevir istiqamətində buraxılan 9K72 "Elbrus" əməliyyat-taktiki raket kompleksinin ballistik hədəfi Azərbaycan Hava Hücumundan Müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Düşmənin hava hücumundan müdafiə sistemində istifadə etdiyi, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radiolokasiya stansiyası (RLS) məhv edilib.
Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində, oktyabrın 10-u saat 12:00-a olan məlumata görə, 31 mülki şəxs həlak olub, 171 nəfər xəsarət alıb. Həmçinin 1137 ev, 45 çoxmənzilli yaşayış binası və 146 mülki obyekt yararsız vəziyyətə düşüb.