Qusar rayonunun Laza kənd sakini, 1998-ci il təvəllüdlü Elvin Məmmədov (soyad şərtidir) Balaqusar kəndində yaşayarkən insident törədib.
Bir neçə gün əvvəl E.Məmmədov Balaqusar kəndinin girişində yerləşən "Karvan" şadlıq sarayında toy məclisinə qatılıb və spirtli içki qəbul edib. Daha sonra kafeyə daxil olaraq yenidən içki qəbul edən şəxs Balaqusar kəndinə yollanıb.
Yolda toydan qayıdan Balaqusar kənd sakini Zamin Quliyevlə qarşılaşıb. Onlar birlikdə kəndə getmək qərarına gəliblər. Söhbət zamanı Z.Quliyev Elvindən Balaqusara köçməsinin səbəbini soruşub.
Bu sualın mübahisəyə səbəb olduğu bildirilir. İttihama görə, sərxoş vəziyyətdə olan Elvin Zaminin sifətinə başı ilə zərbə endirib və daha sonra onu döyüb. Hadisə şahidlərinin müdaxiləsindən sonra tərəflər ayrılıb.
Əraziyə gələn polis əməkdaşları E.Məmmədovu saxlayıb. Faktla bağlı cinayət işi başlanaraq məhkəməyə göndərilib.
Qusar Rayon Məhkəməsində keçirilən proses zamanı tərəflər barışıb. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənildiyindən cinayət işinə xitam verilib.
Mənbə: Oxu.az