Qusar Rayon Mərkəzi Xəstəxanasında müalicə alan pasiyentin ölümünə səbəb olmaqda təqsirləndirilən mama-ginekoloq Elmira Əsgərova barəsində hökm çıxarılıb.
Hadisə 2023-cü ilin oktyabrında xəstəxananın Ginekologiya və Doğum şöbəsində baş verib.
Məhkəmə materiallarına görə, Xaçmaz rayonunun Çiləgir kənd sakini, 2002-ci il təvəllüdlü A.B. xəstəxanada əməliyyat keçirib. Əməliyyatdan sonra onun həkim nəzarətində saxlanılmalı olduğu halda, vəziyyətinə lazımi qaydada nəzarət edilməyib.
Nəticədə pasiyentin vəziyyəti ağırlaşıb, tromboemboliyanın ilkin əlamətləri vaxtında müəyyən edilməyib və təxirəsalınmaz tibbi tədbirlər görülməyib.
A.B. ağciyər arteriyasının trombozu nəticəsində yaranan kəskin ağciyər-ürək çatışmazlığından vəfat edib.
Məhkəmə Elmira Əsgərovanın üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirmədiyini və buna görə pasiyentin ölümünün baş verdiyini müəyyən edib.
Əsgərova məhkəmədə özünü təqsirli bilməyib. O, pasiyentin xəstəxanaya ağır vəziyyətdə gətirildiyini, əməliyyatdan əvvəl tam müayinədən keçirilmədiyini və düzgün diaqnoz qoyulmadığını bildirib. Həmçinin xəstənin əməliyyatdan sonra reanimasiya şöbəsində saxlanılmasının vacib olduğunu deyib.
Lakin məhkəmə ekspertiza materialları və digər sübutları qiymətləndirərək onu təqsirli bilib.
Elmira Əsgərova Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib və 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.