Qəbələ rayonunda qanunsuz tikinti işlərinin qarşısı alınıb.
Shimal.News xəbər verir ki, bu barədə Qəbələ Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, rayon ərazisində özbaşına tikililərin qarşısının alınması məqsədilə Rayon İcra Hakimiyyəti, rayon Polis Şöbəsi, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən mütəmadi monitorinqlər keçirilir.
İyulun 21-də keçirilən növbəti monitorinq zamanı Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Bunud kəndindən keçən hissəsinin kənarında vətəndaş tərəfindən qanunsuz aparılan tikinti işləri aşkar edilib. Tikintinin qarşısı alınaraq tikili sökülüb.
Qəbələ Rayon İcra Hakimiyyəti bir daha vətəndaşlara müraciət edərək bildirib ki, torpaq sahələrində özbaşına tikinti aparılması, torpaqların qanunsuz zəbt edilərək hasarlanması və müxtəlif məqsədlər üçün istifadəsi yolverilməzdir.