"Şəki Yaylası" istirahət mərkəzində baş verən bədbəxt hadisə nəticəsində həyatını itirən 27 yaşlı Ucal Asif oğlu Bayramov Akademik Zərifə Əliyeva adına liseyin məzunu olub.
Ucal Bayramov ötən il sentyabrın 7-də ailə həyatı qurub. Bildirilir ki, o, həyat yoldaşı ilə evliliklərinin birinci ildönümünü qeyd etmək üçün Şəkiyə gedib.
Xatırladaq ki, bədbəxt hadisə zamanı Ucal Bayramov və Qax rayonunun Zərnə kənd sakini, 31 yaşlı Coşqun Ceyhun oğlu Məmmədov həyatını itirib.
İlkin məlumata görə, Coşqun Məmmədov əyləncə qurğusundan istifadə etdiyi zaman tros qırılıb. Trosun qopması nəticəsində qurğudan düşən metal hissə həmin ərazidə olan Ucal Bayramova dəyib. Hər iki şəxs hadisə nəticəsində ölüb.
Bildirək ki, Ucal Bayramov DOST Agentliyinin əməkdaşı olub.
Onu da qeyd edək ki, sözügedən istirahət mərkəzi Masazır qəsəbəsindəki məşhur "Qurtuluş-93" yaşayış kompleksinin və Novxanıdakı "My Beach" istirahət mərkəzinin sahibi Məhərrəm Novruzova məxsusdur.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə: Xitab24.аz