Xaçmaz şəhərinin Bakı küçəsində yolun və ətraf ərazinin vəziyyəti sakinlərin narazılığına səbəb olub.
Shimal.News-a danışan sakinlərin sözlərinə görə, küçədə asfalt örtüyünün olmaması səbəbindən yol palçığa, dərin çalalara və gölməçələrə qərq olub. Yol kənarları isə məişət tullantılarının atıldığı əraziyə çevrilib.
Sakinlər bildirirlər ki, xüsusilə yağıntılı havalarda küçədə hərəkət etmək sürücülər və piyadalar üçün çətinləşir. Yolun müxtəlif hissələrində yaranan dərin çalalar və su ilə dolan sahələr nəqliyyat vasitələrinin hərəkətinə mane olur. Ərazidə normal suötürücü sistemin olmaması da vəziyyəti ağırlaşdırır.
Küçənin ətrafındakı mənzərə də ürəkaçan deyil. Ot və kol-kos basmış ərazilərdə plastik torbalar, qablar, kağız-karton və digər məişət tullantıları səpələnib. Bəzi hissələrdə tullantılar qalaqlanıb, onların yandırılmasından qalan kül və yanmış qalıqlar da ətrafa yayılıb.