Oğuz rayonunda 29 yaşlı Tural yetkinlik yaşına çatmayan Pərvanəyə qarşı əxlaqsız hərəkətlər etdiyinə görə 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə materiallarına görə, Tural 2022-ci ildə təsadüfən zərərçəkmişin anasının telefon nömrəsinə mesaj göndərdikdən sonra Pərvanə ilə tanış olub və aralarında münasibət yaranıb.
İş üzrə zərərçəkmiş Pərvanə ifadəsində göstərib ki, 2022-ci ilin sonlarında anasına məxsus telefona səhv mesaj gəlib:
"İlk əvvəl elə bildim ki, həmin şəxs qohumumdur. Həmin dövrdə müəllim yanına hazırlığa getdiyim üçün anamın mobil telefonu məndə olub. Bu səbəbdən də zəng edən şəxsə özüm cavab verdim. Bundan sonra həmin şəxsin adının Tural olduğunu bildim. Onunla tez-tez əlaqə saxlayaraq danışdıq."
2023-cü ilin iyununda Tural ailə üzvləri ilə birlikdə qızgilə elçiliyə gedib. Lakin Pərvanənin atası onun azyaşlı olduğunu əsas gətirərək evliliyə razılıq verməyib.
Turalın ifadəsinə görə, 2024-cü ilin yayında Pərvanə ilə evin həyətində və qonaq otağında foto və videolar çəkdiriblər. Sonradan münasibətləri pozulduqda həmin görüntüləri qızın dayısına, eləcə də atasına göndərib. O, bunu münasibətləri bərpa etmək və evlənmək niyyətinin ciddi olduğunu göstərmək məqsədilə etdiyini bildirib.
Pərvanə qeyd edib ki, 2023 və 2024-cü illərdə müxtəlif vaxtlarda Tural anası ilə onların yaşadığı evə gəlib:
"Tək olan zaman evdə və həyətdə xatirə qalması üçün Turalla şəkillər çəkdirdik. Həmin zaman Tural mənə qarşı intim hərəkətlər etdi. Həmin hərəkətləri edən zaman bizi heç kim görməyib.
Yaşımın az olması ilə bağlı atam ailə qurmaq məsələsinə narazılıq bildirdi. Lakin biz bir müddət telefonla danışdıq. Sonradan Tural qısqanclıq edərək digər yerlərə getməyimə razı olmadığını bildirdikdən sonra aramızdakı münasibət kəsildi. Bundan bir neçə gün sonra xatirə kimi çəkilmiş şəkilləri atama və dayıma göndərdi".
Oğuz Rayon Məhkəməsinin hökmü ilə Tural 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Mənbə: Demokrat.аz