Xaçmaz şəhərində Qudyalçayın sahili və çay yatağının bir hissəsi məişət tullantıları ilə çirkləndirilib.
Məsələ ilə bağlı Shimal.News-a danışan sakinlərin sözlərinə görə, Azərbaycan, Səməd Vurğun və Nəsrəddin Tusi küçələrinin kəsişməsi yaxınlığında, çay yatağının təxminən 100 metrlik hissəsində plastik qablar, polietilen torbalar və müxtəlif məişət tullantıları ətrafa səpələnib.
Çirklənmə yalnız sahil zolağı ilə məhdudlaşmır. Tullantılar yamaclara, çınqıllı sahələrə və birbaşa çay yatağına qədər yayılıb. Çayın ortasındakı çınqıllı ərazilərdə, suyun kənarında, eləcə də yataqda aşmış ağac gövdəsi və budaqlarının ətrafında zibil yığınları müşahidə olunur.
Yaxınlıqda yaşayış evlərinin yerləşməsi vəziyyəti daha da narahatedici edir. Ərazidə zibil qutularının gözə dəyməməsi də diqqət çəkir.
Sakinlər aidiyyəti qurumlardan Qudyalçayın sözügedən hissəsinin tullantılardan təmizlənməsini istəyirlər.