Bu gün Şimal bölgəsindən olan üç şəhidimiz - Orxan Salehov, Ramin Məmmədli və Cavid Mirzəyevin doğum günüdür.
Orxan Fikrət oğlu Salehov 1999-cu il noyabrın 14-də Şamaxı şəhərində anadan olub. 2006-2017-ci illərdə 10 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Ordusunun əsgəri olan Orxan Salehov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il oktyabrın 6-da həmin istiqamətdə şəhid olub. Şamaxı şəhərindəki Yeddi Günbəz qəbiristanlığında dəfn edilib.
Orxan Salehov ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Ramin Aydın oğlu Məmmədli 1997-ci il noyabrın 14-də Şəkinin Babaratma kəndində anadan olub. 2004-cü ildə Babaratma kənd orta məktəbində təhsil almağa başlayıb. 2016-2017-ci illərdə Tap Qaraqoyunlu və Talışkənd ərazilərində hərbi xidmətdə olub, kəşfiyyatçı kimi fəaliyyət göstərib.
Ramin Məmmədli 2020-ci il sentyabrın 29-da könüllü olaraq Vətən müharibəsinə yollanıb. Goranboy-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüşlərin birində yaralanmasına baxmayaraq, neytral zonada qalan silahdaşına kömək etmək üçün irəliləyib. Bu zaman snayper atəşinə tuş gələrək Suqovuşan istiqamətində şəhid olub.
O, 2020-ci il oktyabrın 18-də doğulduğu Babaratma kəndində dəfn edilib. Ramin Məmmədli ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Cavid Azər oğlu Mirzəyev 1994-cü il noyabrın 14-də Siyəzən rayonunun Gilçay qəsəbəsində anadan olub. Orta təhsilini Sumqayıt şəhər 1 saylı tam orta məktəbdə alıb. Bakı Slavyan Universitetində ali təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılıb.
Vətən müharibəsi zamanı Xocavənd və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Xidmətləri və döyüşlərdə göstərdiyi şücaətə görə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Hərbi xidmətdə fərqlənməyə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Cavid Mirzəyev 2023-cü il sentyabrın 19-da keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olub. Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.