Qubada yaşayış massivinin yolları istifadəyə yararlı vəziyyətə gətirilib. Bu barədə ShimalNews 26 sentyabr tarixində “Dünya TV”yə istinadən məlumat verir.
Söhbət Dəvədabanı yaşayış massivindən gedir. Burada yağış və qar yollardan istifadəni çətinləşdirirdi. Nəticədə hətta uşaqları məktəbə və ya bağçaya aparmaq mümkün olmurdu. Sakinlər rayon mərkəzinə çatmaqda çətinlik çəkirdilər.
Şəhər bələdiyyəsinin sədr köməkçisi Azad Daşdəmirov nöqsanları aradan qaldırmaq məqsədilə yollara daş və çınqıl döşəndiyini deyib. Bu kimi təmir işlərinin mərhələli şəkildə davam etdiriləcəyi gözlənilir. O əlavə edib ki, yaxın günlər ərzində bir neçə küçədə təmir-bərpa işləri həyata keçiriləcək.