Quba və Xaçmaz şəhərlərindəki parklarda 217 ağac inventarlaşdırılaraq xüsusi nömrələrlə qeydiyyata alınıb.
Shimal.News xəbər verir ki, bu barədə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məlumat yayıb.
Bildirilib ki, noyabrın 12-13-də pilot layihə çərçivəsində Quba şəhərindəki Nizami parkında və Xaçmaz şəhərindəki Fəvvarələr parkında yaşıllıqların inventarlaşdırılması və reyestrinin aparılması işləri həyata keçirilib.
Ümumilikdə 217 ağac "Yaşıllıqların identikləşdirilməsi Qaydası"nın tələblərinə uyğun olaraq birkalanıb və onlara müvafiq inventar nömrələri verilib. Məlumatlar "agac.az" portalına yerləşdirilib.
İnventarlaşdırma zamanı akasiya, ağcaqayın, şabalıd, sərv, arizona sərvi, tuya, sidr, söyüd, iydə, qoz, eldar şamı və şərq çinarı ağacları qeydə alınıb.
Qeyd edək ki, işlər idarənin əməkdaşlarının iştirakı ilə aparılıb.