Qubanın Çinarlı (Alekseyevka) kənd tam orta məktəbində qız şagirdlərin şalvarla dərsə gəlməsi ilə bağlı direktorla valideynlər arasında gərginlik yaşanıb.
Shimal.News-un əldə etdiyi məlumata görə, bu gün şalvar geyinərək məktəbə gələn qız şagirdlər direktor tərəfindən bir otağa toplanıb və dərsə buraxılmayıb. Daha sonra onların valideynlərinə zəng edilərək məktəbə gəlmələri, övladlarını evə apararaq ətək geyindirib yenidən dərsə gətirmələri tələb olunub.
Valideynlər bildirirlər ki, direktorun bu tələbi onların ciddi narazılığına səbəb olub. Məsələ ilə bağlı məktəbdə gərgin söz-söhbət yaşanıb, hətta övladını məktəbdən çıxardığını bildirən valideynlər də olub.
Sakinlər deyirlər ki, Qubada havaların soyuması fonunda qız şagirdlərin şalvar geyinməsi xüsusilə aktual məsələdir. Valideynlərdən biri vəziyyəti belə ifadə edib:
"Artıq soyuqlar düşüb. Qubaya qış daha tez gəlir, məktəbdə hələ istilik sistemi qoşulmayıb. Biz övladımızı məktəbli formasından kənar heç nə geyindirmirik. Şalvar da məktəbli formasıdır. Buna qalsa, qadın müəllimlərin əksəriyyəti də məktəbə şalvar geyinir. Məktəbin o qədər həll olunmayan problemi var ki, şagirdlərin necə oxuması ilə heç kim maraqlanmır, şalvara ilişiblər".
Valideynlərin narazılığına səbəb olan digər məqam isə şagirdlərin bir otağa toplanaraq dərsə buraxılmaması olub. Onlar hesab edirlər ki, belə məsələlər şagirdlərlə bu tərzdə həll edilməməli, valideyn iclası keçirilərək ailələrlə ətraflı söhbət aparılmalı idi.
Hazırda valideynlər məktəb rəhbərliyinin və təhsil idarəsinin məsələyə aydınlıq gətirməsini gözləyirlər.
Məsələ ilə bağlı redaksiyamız Quba-Xaçmaz Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.