Bu gün şimal bölgəsindən olan şəhidlərimiz Elnur Nurullayev, Nurlan Əfəndiyev və Rüfət Musayevin doğum günüdür.
Elnur Fərhad oğlu Nurullayev 2000-ci il oktyabrın 8-də Şəki rayonunun Kiş kəndində anadan olub. Kiş kəndindəki A.M. Məmmədov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb.
2018-ci ildə hərbi xidmətə yollanan Elnur Gədəbəy rayonunda, ön xəttdə xidmət edib. 2020-ci ildə Vətən müharibəsində iştirak edən Elnur Nurullayev Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub.
O, ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Nurlan Mürvət oğlu Əfəndiyev 1995-ci il oktyabrın 8-də Oğuz rayonunun Xalxalqışlaq kəndində anadan olub. Şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbini bitirib. Bərbər ixtisasına yiyələnib.
2014-2015-ci illərdə Gəncə şəhərində yerləşən hərbi hissələrdən birində hərbi xidmət keçib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Nurlan Əfəndiyev oktyabrın 6-da şəhid olub və oktyabrın 7-də doğulduğu Xalxalqışlaq kəndində dəfn edilib.
O, ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Rüfət Ülfət oğlu Musayev 2001-ci il oktyabrın 8-də Şəki rayonunun Suçma kəndində anadan olub. Təhsilini Sumqayıt şəhərinin Corat qəsəbəsində başlayıb, daha sonra Suçma kənd tam orta məktəbində davam etdirib və 2018-ci ildə məktəbi bitirib.
2019-cu ildə hərbi xidmətə çağırılan Rüfət Musayev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib.
Rüfət Musayev oktyabrın 12-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub.
O, ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.