"Mərmər bağacığı" kimi tanınan zərərverici həşəratların Xaçmazın Xanoba kəndində kütləvi yayılması sakinlər arasında ciddi narahatlıq yaradıb.
Shimal.News xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, son üç gündə həşəratların sayı kəskin artıb və ətraf əraziləri bürüyüb.
Vətəndaşlar problemin qarşısının alınması üçün aidiyyəti qurumların tədbir görməsini istəyirlər. Onların sözlərinə görə, hazırda vəziyyətlə bağlı hər hansı effektiv müdaxilə müşahidə olunmur.
Mərmər bağacığının MDB məkanında ilk dəfə 2015-ci ilin payızında Rusiyanın Soçi şəhərində qeydə alındığı bildirilir. Sonrakı dövrdə zərərverici Gürcüstana, Azərbaycana və Rusiyanın cənub bölgələrinə yayılıb.