Siyəzəndə icra olunan layihələr üzrə kənd təsərrüfatı sahəsinə 80 milyon 190 min manat investisiya qoyuluşu nəzərdə tutulur.
Bu barədə Siyəzən Rayon İcra Hakimiyyətində "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın rayon üzrə icrası ilə bağlı keçirilən iclasda bildirilib.
İclasda aqrar istehsalın genişləndirilməsi, fermer və sahibkarların dəstəklənməsi, mövcud problemlərin aidiyyəti qurumlarla birgə həlli, investisiya imkanlarından səmərəli istifadə və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin ardıcıl icrası ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.
Müzakirələr zamanı Siyəzən rayonu üzrə hazırlanmış Tədbirlər Planında nəzərdə tutulan layihələrin icra vəziyyəti, aqrar sahənin perspektivləri, sahibkarların təşəbbüsləri və qarşılaşdıqları problemlər diqqət mərkəzində olub.
Müşavirədən sonra Dövlət Proqramı çərçivəsində həyata keçirilən və icrası davam etdirilən layihələrlə tanış olmaq məqsədilə bir sıra təsərrüfatlara yerində baxış keçirilib.
"Akva kultura" MMC-nin balıqçılıq təsərrüfatının illik istehsal gücü 240 ton olacaq. Qızılbalıq təsərrüfatının yaradılması məqsədilə 1,3 milyon manat investisiya qoyuluşu nəzərdə tutulub. Hazırda obyektdə beton işləri aparılıb, 54 ədəd beton hovuz inşa edilib, su və kanalizasiya xətlərinin çəkilməsi, dam örtüyünün dəmir konstruksiyasının quraşdırılması işləri davam etdirilir. Layihənin 2027-ci ilin dekabr ayında tam başa çatdırılması planlaşdırılır.
"Fresh Group" MMC-nin mavigilə plantasiyasında mövcud 20 hektar mavigilə bağının daha 5 hektar genişləndirilməsi nəzərdə tutulur. Layihənin investisiya dəyəri 500 min manat təşkil edir. Yeni əkin sahəsi üçün Yenikənd bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hərrac yolu ilə şirkətə icarəyə verilib, əlavə 40 min ədəd ting və digər aqrotexniki vasitələr sifariş olunub. Layihənin həyata keçirilməsi nəticəsində tinglərin sayının 178 mindən 218 minə, illik məhsul istehsalının isə 330 tona çatdırılması proqnozlaşdırılır.
Baxış zamanı sahibkarlarla layihələrin icra vəziyyəti, görüləcək işlər və investisiya qoyuluşlarının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, təşəbbüslərin vaxtında və səmərəli icrasının vacibliyi diqqətə çatdırılıb.
Mənbə: AZƏRTAC