Xaçmaz rayonundan olan 1-ci Qarabağ müharibəsi şəhidlərinin - Şahlar Ağayevin, Adıgözəl Qasımovun və Hörmət Baratovun nəşinin qalıqları doğulduqları yaşayış məntəqələrində dəfn edilib. Bu haqda ShimalNews 20 iyun tarixində “Bizim.media”ya istinadən məlumat verir.
“Şahlar Hüseynağa oğlu Ağayev 1973-cü ildə Xaçmazın Ağçay kəndində doğulub. 21.01.1992-ci ildə hərbi xidmətə yollanan Şahlar həmin ilin 19 iyulunda Ağdərə istiqamətində itkin düşüb. Onun meyiti Birinci Şəhidlər xiyabanında naməlum döyüşçü kimi dəfn olunmuşdu.
İkinci naməlum döyüşçü kimi Birinci Şəhidlər xiyabanında basdırılan 28.08.1975-ci il təvəllüdlü Adıgözəl Əmirsultan oğlu Qasımovdur. O, 1992-ci ilin 10 sentyabrında hərbi xidmətə gedib, 1993-cü ilin 25 mayında Laçın rayonunda itkin düşüb.
Adıgözəl Qasımov Xaçmazın Keymərəz kəndində doğulub.
Ailəsinin intizarla nəşini gözlədiyi 3-cü şəhid Hörmət Beytulla oğlu Baratov Xaçmazın Nərəcan kənd sakini olub. O, 1992-ci il oktyabr ayının 8-də hərbi xidmətə çağırılıb və 1993-cü ilin 8 oktyabr günündə Qarabağda itkin düşüb. Hörmət Baratov İkinci Şəhidlər xiyabanında naməlum döyüşçü kimi torpağa tapşırılmışdı" - Xaçmaz İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vüqar Fərzəliyev bidlirib.
Vüqar Fərzəliyev Xaçmazdan olan 50 itkin şəhiddən isə hələlik heç bir xəbər olmadığını deyib.