Türkiyənin “Rayess” şokolad fabrikinin dəstəyi ilə Qubada şokolad istehsalına başlanılıb. Bu barədə ShimalNews 25 sentyabr tarixində “ABAD”a istinadən xəbər verir.
Tədbir "Quba ABAD Factory" İstehsalat Kompleksində (Kompleks) baş tutub. Burada Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və digər qonaqlar iştirak ediblər.
Kompleksin 5-ci ildönümü qeyd olunub. Bununla birgə şokolad istehsalı sahəsinin işə salınması baş tutub.
Şokolad fabrikinin sahəsi 1000 kv.m olacaq. Lazımi avadanlıq və müvafiq xammalın alınmasına 500 min dollar sərmayə qoyulub. Eləcə də Bakıda mağaza və kofe evlərinin açılmasına daha 500 min dollar sərmayə qoyulması planlaşdırılır. Gələcəkdə zavodun genişləndirilməsinə daha 10 milyon dollar sərmayə qoymaq nəzərdə tutulur. Məhsul isə həm yerli, həm də xarici bazarlarda satılacaq.