Kişi şahmatçılardan ibarət milli komandamızın üzvləri Qubada keçirilən hazırlıqla bağlı fikirlərini bildiriblər. Bu barədə ShimalNews 9 iyul tarixində Azərbaycan Şahmat Federasiyasına istinadən məlumat verir.
Üçqat Avropa çempionu Qədir Hüseynov təlim-məşq haqqında danışıb. O bildirib ki, Azərbaycanın dilbər şəhəri Qubada gündə 7 saat hazırlıq keçirilib. İlin əsas şahmat yarışlarından biri Hindistanın Çennay şəhərində baş tutacaq. Bu il olimpiadada rekord sayda - 188 ölkə iştirak edəcək.
Eləcə də beynəlxalq qrosmeyster Vasif Durarbəyli təlim-məşqi yüksək qiymətləndirib: “Bildiyiniz kimi, şahmatda hazırlıq iki hissədən ibarətdir: nəzəri və praktik. Biz çalışırıq burada nəzəri hissəni həll edək. Olimpiada üçün müxtəlif hazırlıqlar quruldu. Komandanın bir yerdə olmasında əsas məqsəd komanda ruhu yaratmaqdır. Yarışda ayrı-ayrı lövhələrdə oynasaq belə, komanda olaraq müsbət enerjinin yaranması faydalıdır. Ümid edirik ki, Qubada keçirdiyimiz hazırlıq olimpiadada bizə kömək edəcək”.
Milli komandanın daha bir üzvü, beynəlxalq qrosmeyster Nicat Abasov hazırlıqdan razı qaldıqlarını bildirib: “Qubada təlim-məşq toplanışında olduqca intensiv məşqlər olub. Ümid edirik ki, bu il ilk dəfə olimpiadadan Vətənə medalla geri dönəcəyik”.