Şəki Yaylasında iki nəfərin ölümü ilə nəticələnən kanat qəzasından sonra qurğuya hansı dövlət qurumunun nəzarət etdiyi sualı açıq qalır.
Shimal.News-un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, bu tip qurğulara nəzarət FHN-in səlahiyyətlərinə daxil deyil:
"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil. Hadisənin baş verdiyi ərazidə quraşdırılmış "zipline" iki stasionar dirək arasında bağlanılmış burazın üzərində quraşdırılmış, heç bir təhlükəsizlik cihazı və ya sığortalayıcı trosu olmayan diyircəklər üzərində öz ağırlığı, sərbəstdüşmə təcili və ətalət sürəti ilə hərəkət edən əyləncə qurğusudur. Qeyd olunan qurğu mexanikləşdirilmiş, yəni elektrik mühərriki və ya ötürücü bucurqad vasitəsilə hərəkət etdirilən qurğu olmadığından təhlükə potensiallı obyektlərərin siyahısına daxil deyildir və bu səbəbdən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə aid deyil."
Bu isə Şəki faciəsindən sonra araşdırmanın əsas suallarından birini ortaya çıxarır: İnsanların istifadə etdiyi, nasazlığı ölümə səbəb ola bilən belə əyləncə qurğusunun texniki təhlükəsizliyinə kim və hansı qaydada nəzarət edir?
.