ADPU-nun Şəki filialının və M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Narınqala şəhər Folklor Evinin birgə təşkilatçılığı ilə Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunan "Əsrlərdən gələn səs" adlı mühazirə sessiyası keçirilib.
Shimal.News xəbər verir ki, tədbirdə çıxış edənlər Xaqani Şirvaninin həyat və yaradıcılığından, zəngin poetik irsindən və Azərbaycan ədəbiyyatındakı mövqeyindən danışıblar.
Qeyd olunub ki, şairin əsərlərində elm və bilik, ədalət, insan ləyaqəti, mənəvi kamillik, vətən sevgisi və ümumbəşəri dəyərlər mühüm yer tutur. Onun yaradıcılığındakı dərin fəlsəfi düşüncə və yüksək sənətkarlıq bu gün də ədəbi irsimizin öyrənilməsi və tədqiqi baxımından əhəmiyyət daşıyır.
Sessiyada Xaqani Şirvaninin Azərbaycan ədəbiyyatının sonrakı inkişafına təsiri, klassik poeziyanın formalaşmasındakı rolu və irsinin gələcək nəsillərə çatdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.