Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları Oğuz rayonunda maarifləndirmə tədbirləri keçiriblər.
Shimal.News xəbər verir ki, havaların soyuması ilə zərərvericinin evlərə və yardımçı tikililərə sığınması nəzərə alınaraq sakinlərə qışlama dövründə görülməli tədbirlər izah olunub.
Tədbirlər Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərini əhatə edib. Sakinlərlə görüşlər zamanı qəhvəyi mərmər bağacığının biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə məlumat verilib.
Bildirilib ki, havalar soyuduqca zərərverici qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığınır. Bu səbəbdən sakinlərə həmin məkanlarda aşkar etdikləri bağacıqları toplayaraq mexaniki üsulla məhv etmələri tövsiyə olunub. Qeyd edilib ki, qışlama dövründə görülən belə tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskini azaltmağa kömək edir.
Maarifləndirmə çərçivəsində sakinlərə bukletlər paylanılıb, sualları cavablandırılıb və mübarizə tədbirləri ilə bağlı müvafiq tövsiyələr verilib.![]()
![]()