Şəkinin Daşbulaq kəndinə gedən yol yararsız vəziyyətdədir.
Shimal.News-a danışan kənd sakinlərinin sözlərinə görə, ümumi uzunluğu 6 kilometr olan kənd yoluna sonuncu dəfə 1990-cı illərdə asfalt örtüyü çəkilib. Həmin vaxtdan bəri yolda heç bir əsaslı təmir işləri aparılmayıb və nəticədə yol tamamilə yararsız vəziyyətə düşüb.
Bildirilib ki, təxminən 500 nəfər əhalinin hər gün istifadə etdiyi bu yolda hərəkət etmək sakinlər üçün ciddi çətinlik yaradır. Yolun bərbad vəziyyətdə olması səbəbindən nəqliyyat vasitələrinin hərəkəti də demək olar ki, mümkünsüzləşib.
Sakinlər qeyd ediblər ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, indiyədək məsələ öz həllini tapmayıb.