Şəki rayonunun Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzində sentyabrın 8-də kanat xəttinin qırılması nəticəsində baş verən ölüm hadisəsindən sonra ərazidəki "zipline"la bağlı yeni iddialar ortaya çıxıb.
Shimal.News-un məlumata görə, sözügedən kanat xəttində faciədən əvvəl də texniki problemlər yaşandığı barədə bloger Dünya Bayramova öz sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, avqustun 19-da "zipline"a mindikdən sonra mənzil başına çatmadan kanatda ilişib qalıblar. Onların istirahət mərkəzinin əməkdaşları tərəfindən xilas edilərək kanatdan endirildiyi qeyd olunur.
Kanatdan istifadə edən şəxslər arasında təhlükəsizlik qaydaları ilə bağlı narazılıqların da olduğu bildirilir.
Bloger Arif Qurbanov "Şəki yaylası"nda bu il təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə olmadığını iddia edib. O, kanatdan istifadə zamanı müştərilərə qoruyucu qəbilgə verilmədiyini deyib:
"Burada bu il nəzarət sıfırdır. Adicə qoruyucu dəbilqə nədir ki, onu belə vermədilər. Ən azından başı qoruyur. Mən oradakı işçilərə də irad bildirdim, dedilər ki, əvvəl verirdik, turistlər isə bildirirlər ki, istəmirik, saçımız dağılır. Bu səbədən dəbilqə vermirik".
A.Qurbanov qeyd edib ki, kanatdan endikdən sonra məsələ ilə bağlı istirahət mərkəzinin rəhbərliyinə də məlumat verib, lakin iradına əhəmiyyət verilməyib.
Qeyd edək ki, sentyabrın 8-i "Şəki yaylası" istirahət mərkəzində iki nəfər - 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov kanat trosunun qırılmasını nəticəsində həyatını itirib.