Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun doğum günüdür.
Çingiz Salman oğlu Qurbanov 1994-cü il noyabrın 24-də Qusar rayonunun Həzrə kəndində anadan olub.
O, 2012-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə daxil olub. 2016-cı ildə universiteti başa vuran Çingiz həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb.
Əsgər Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olub. Onun nəşi 2017-ci il fevralın 5-də Azərbaycan tərəfinə təhvil verilib.
Fevralın 6-da Qusarda keçirilən vida mərasimindən sonra Çingiz Qurbanov Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 7-də imzaladığı sərəncamla Çingiz Qurbanov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, həmçinin "Qızıl Ulduz" medalı ilə təltif edilib.
Qeyd edək ki, Çingiz Qurbanovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qorunur.