Xaçmazda I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil ediləcək. Bu barədə ShimalNews 18 iyul tarixində Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən məlumat verir.
İmtahanlar I ixtisas qrupu üzrə iyulun 22-də, IV ixtisas qrupu üzrə isə iyulun 23-də keçiriləcək. Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
- a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
- b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).