Bugünkü müsahibimiz Ülvi Məmmədov gənc olmasına baxmayaraq, həm yerli, həm də beynəlxalq səviyyədə uğurları ilə tanınan şəxsdir. Karyerasında sosial layihələrə, ekologiyanın qorunmasına və gənclərin inkişafına fokuslanan Ülvi bəy, həm də müxtəlif sahələrdə fəaliyyət göstərərək Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir. Quba rayonunda böyüyən və bu mühitin təsiri ilə formalaşan Ülvi Məmmədov, hazırda IDEA İctimai Birliyində ekoloji layihələr üzrə menecer vəzifəsində çalışır.
Shimal.News-un əməkdaşı onunla fəaliyyətləri və gələcəyə dair düşüncələri barədə söhbət edib.
Müsahibəni təqdim edirik:
- Ülvi bəy, öncə özünüz haqqında qısa məlumat verməyinizi istərdim.
Mən 1999-cu ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində həkim ailəsində anadan olmuşam. Babam Tofiq Məmmədov vaxtilə yüzlərlə xəstənin həyat işığı olub, qəsəbə xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Orta məktəbi bitirdikdən sonra Türkiyənin Atatürk Universitetində İctimaiyyətlə əlaqələr ixtisası üzrə ali təhsil almışam.
- Quba sizin üçün necə bir yer olub? Orada böyümək həyatınıza necə təsir etdi?
Quba mənim üçün həyatımın təməl mərhələlərinin keçdiyi, mənə zəngin təcrübələr bəxş edən xüsusi bir yerdir. Uşaqlığım burada keçdiyi üçün Quba mənim yaddaşımda həm mədəniyyət, həm də təbiət zənginliyi ilə qalıb. Rayonun təbii gözəllikləri, meşələri, çayları və istiqanlı insanları mənim dünya görüşümü formalaşdırıb. Bu mühitdə böyümək məndə təbiətə sevgi, ictimaiyyətə isə xidmət ruhu oyandırıb.
2003-cü ildə ailəmizlə Xaçmaza köçsək də, Qubada qazandığım təcrübə həyatımda mühüm rol oynadı. Orada aldığım məktəb təhsili və yaşadığım cəmiyyətin bir hissəsi olmaq liderlik bacarıqlarımın inkişafına təkan verdi. Təbiətə yaxın olmaq və insanlarla mehriban ünsiyyət qura bilmək mənə sonrakı fəaliyyətlərimdə böyük kömək oldu.
- Skaut Hərəkatı ilə əlaqəli olduğunuzu bilirik. Skautların gənclər üçün əhəmiyyəti barədə fikirləriniz nələrdir?
Skaut Hərəkatı gənclərin şəxsi inkişafı, liderlik bacarıqlarının artırılması və ictimai məsuliyyət hissinin gücləndirilməsi üçün çox vacibdir. Skautlar vasitəsilə gənclər özlərini daha yaxşı tanıyır, dostluq əlaqələri qurur və müxtəlif sahələrdə bacarıqlarını inkişaf etdirirlər. Hərəkatın gənclərə təklif etdiyi macəra dolu fəaliyyətlər və ətraf mühitə bağlılıq onları daha fəal və məsuliyyətli fərdlərə çevirir.
Qubada skaut fəəaliyyətinin təşəkkül tapması 2017-ci ilə təsadüf edir. Həmin ildə Qubada hamının yaxşı tanıdığı skaut yoldaşlarım, lider həmkarlarım Günel Atakişiyeva, Ramin Mahmudov və Bəyim Həsənova Skaut liderlik təməl kurslarına qoşuldu və Quba üzrə lider təyin edildilər. “Cəsurlar” dəstəsi Qubamızın brend skaut dəstəsidir. Hazırda Qubanın Qarxun kəndində də “Babadağ” adlı skaut dəstəsi var və dəstə lideri Şəmistan Salmanovdur.
Azərbaycanda skaut fəaliyyətlərinin genişləndirilməsi üçün daha çox gəncin bu hərəkat haqqında məlumatlandırılması və onların maraq göstərmələri üçün müxtəlif tədbirlər təşkil edilməlidir. Mən düşünürəm ki, skaut hərəkatı ölkəmizdə gənclərin sağlam, məhsuldar və sosial cəhətdən aktiv vətəndaşlar kimi yetişməsinə böyük töhfə verir.
Öncəki illərdə Qubada uşaq vaxtından skaut olanlar indi gəncdirlər və ölkəmizdə, xaricdə keçirilən tədbirlərdə Qubamızı təmsil edirlər.

- IDEA İctimai Birliyindəki yeni təyinatınızla bağlı düşüncələrinizi bizimlə paylaşa bilərsinizmi?
IDEA İctimai Birliyindəki fəaliyyətim mənim üçün böyük bir fürsətdir, çünki bu birlik təbiətin qorunması və ekoloji layihələr sahəsində çox əhəmiyyətli işlər görür. Bu rolda mən həm öz bilik və bacarıqlarımı tətbiq etmək, həm də yeni layihələr həyata keçirmək niyyətindəyəm. Ekoloji maarifləndirməni artırmaq və gənclərin bu sahədə aktivliyini təmin etmək mənim əsas məqsədlərimdəndir. Bu sahədə milli səviyyədə mənə göstərilmiş etimadı yüksək dəyərləndirirəm.
Məni bu rolda cəlb edən əsas məqam, daha yaşıl bir gələcək üçün töhfə verməkdir. Mən gənclərin təbiətin qorunması ilə bağlı layihələrdə iştirakını təşviq etmək, həmçinin onların təcrübələrini artırmaq üçün xüsusi proqramlar həyata keçirməyi planlaşdırıram.
Məni bu rolda cəlb edən əsas məqam, daha yaşıl və davamlı gələcək üçün real töhfə verməkdir. Leyla Əliyevanın ilhamverici liderliyi ilə birlikdə fəaliyyət göstərmək, həm milli, həm də qlobal ekoloji problemlərə qarşı mübarizədə daha təsirli olmaq üçün geniş imkanlar təqdim edir. Mən düşünürəm ki, IDEA İctimai Birliyindəki işlərimiz, Azərbaycanın ekologiya sahəsində nümunəvi ölkələrdən biri kimi tanınmasında mühüm rol oynayır. Bizim təşəbbüslərimiz yalnız təbiətin qorunmasına deyil, həm də gənclərin inkişafına müsbət təsir göstərir.
- Azərbaycanın təbiətinin qorunması ilə bağlı ən vacib problemlərdən biri nədir və sizcə bu məsələnin həlli üçün hansı tədbirlər görülməlidir?
Azərbaycanın təbiətinin qorunması ilə bağlı ən ciddi problemlərdən biri ekoloji tarazlığın pozulmasıdır. Meşə örtüyünün azalması, su ehtiyatlarının çirklənməsi və tullantıların düzgün idarə olunmaması bu məsələdə əsas maneələrdir. Təbiətin qorunması üçün ekoloji maarifləndirmə, tullantıların təkrar emalı və yenilənə bilən enerji mənbələrindən istifadə kimi tədbirlər daha geniş tətbiq olunmalıdır.
Bu problemlərin həlli üçün həm dövlət səviyyəsində, həm də ictimaiyyət arasında əməkdaşlıq vacibdir. Xüsusilə, gənclərin bu məsələlərdə aktiv iştirakı əhəmiyyətlidir. Mən gənclərə ətraf mühitlə bağlı layihələrdə iştirak etməyi, təbiətə qayğı göstərməyi və gələcək nəsillərə yaşıl bir mühit buraxmaq üçün birgə çalışmağı tövsiyə edirəm.
- Quba rayonunda olan gənclərin dünya miqyasında tanınan uğurlar əldə etməsi üçün hansı sahələrdə inkişaf etməli olduqlarını düşünürsünüz?
Quba gənclərinin dünya miqyasında tanınması üçün onların özlərini texnologiya, dil bilikləri, incəsənət və idman sahələrində inkişaf etdirmələri vacibdir. Məsələn, müasir texnologiyaların öyrənilməsi, proqramlaşdırma bilikləri və startap layihələrində iştirak Quba gənclərinə beynəlxalq səviyyədə tanınmaq imkanı verə bilər. Eyni zamanda, xarici dilləri öyrənmək gənclərə dünya ilə ünsiyyət qurmağa və özlərini ifadə etməyə kömək edər. Mədəniyyət və turizm sahəsində fəaliyyət göstərmək də böyük perspektivlər açır. Quba özünəməxsus mətbəxi, mədəni irsi və turizm potensialı ilə tanınır. Gənclər bu sahələrdə yeni layihələr həyata keçirərək həm özlərini, həm də rayonumuzu dünyaya tanıda bilərlər. Mən onlara öz bacarıqlarına inanmağı və bu sahələrdə çalışaraq həvəslə fəaliyyət göstərməyi tövsiyə edirəm.

- Şimal regionunun gəncləri üçün hansı tövsiyələriniz var?
Region gənclərinə tövsiyəm, daim öyrənməkdən çəkinməsinlər və özlərinə aydın məqsədlər müəyyənləşdirsinlər. Uğur qazanmaq üçün özlərini fərqli sahələrdə inkişaf etdirmək, dil biliklərini artırmaq və müxtəlif proqramlarda iştirak etmək vacibdir. Özüm bu yolda çox çətinliklərlə qarşılaşmışam, amma mübarizliyim və məqsədyönlülüyüm məni irəli aparıb.
Hədəflərə çatmaq üçün ən vacib məqam qətiyyətli olmaq və çətinlikləri fürsət kimi görməkdir. Hər hansı problem sizi ruhdan salmamalıdır; əksinə, bu problemləri həll edərək daha güclü bir şəxsiyyətə çevrilə bilərsiniz. Gənclərə tövsiyəm odur ki, müasir texnologiyalardan faydalansınlar, dünya ilə əlaqələrini genişləndirsinlər və ən əsası, öz doğma yerlərinə dəyər qatmaq üçün çalışsınlar.
Qeyd edək ki, gənc yaşlarından müxtəlif sosial fəaliyyətlərdə və beynəlxalq layihələrdə iştirak edən müsahibimiz jurnalistikadan başlayaraq dövlət sektorunda müxtəlif məsul vəzifələrdə çalışıb, hazırda isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA-da menecer vəzifəsində iqlim dəyişikliyi, dayanıqlı inkişaf, ekologiya layihələrinə rəhbərlik edir. O, Azərbaycan Skautlar Assosiasiyasında Baş katib olaraq 2017-ci ildən beynəlxalq skaut düşərgələrinin təşkili və ölkənin beynəlxalq miqyasda təmsil olunmasını həyata keçirir. Dünyanın 3 qitəsində keçirilən beynəlxalq forumlar və təlimlərdə iştirak edən Ülvi Məmmədov, həmçinin Dünya İqtisadiyyat Forumunun “Global Shapers” Şamaxı filialının rəhbəri, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının idarə heyətinin üzvüdür.
Zaur Mirzə

